Xədicə İsmayıla və Əfqan Muxtarlıya - Şahvələd Çobanoğlu

Xədicə İsmayıla və Əfqan Muxtarlıya - Şahvələd Çobanoğlu
1 Oktyabr 2017
Mətni dəyiş
Şahvələd Çobanoğlu

İki gün öncə iki həmkarımız - Əfqan Muxtarlı və Xədicə İsmayıl tanınmış beynəlxalq mükafatlara layiq görüldülər. Ürəyimdən onlar haqda bir-iki kəlmə yazmaq keçdi. Hər ikisini kifayət qədər yaxşı tanıyıram, mükafat onlar üçün önəmli deyil, amma onlara verilən dəyər şəxsən məni də hədsiz sevindirdi, baxmayaraq, tərəfsiz və namuslu təşkilatların bütün dünyada sayılan ən yaxşı mükafatlarına layiqdirlər.

Əfqan – sıradan bir adam deyil. Bilirsinizmi niyə? Hakimiyyətin və onun yaltaqlarının vətənpərvərlik şüarları ilə, ur-patriotluqla, Qarabağ adı ilə min oyundan çıxdığı bir vaxtda Əfqan gerçəyin özüdür. Adam illərlə bu torpağın müdafiəsi üçün döyüşüb. Hər mənada Azərbaycan torpağının bir parçasıdır. Mənzil almaq üçün ölkəni talan edənləri torpaq dərdi çəkən kimi qələmə verənlərin meydan suladığı vaxtda Əfqan əməllə sözün bir olduğu adamdır. Bu torpağı azad görmək üçün dayanmayan bir igiddir. Gözəl reportyor, əla araşdırmaçıdır. Gözəl insandır.

Və bunları hamı bilir... Mən hamının bilmədiyi bir məqamı demək istəyirəm. Onun döyüşçü və dirənişçi görünüşündən bir kobudluq da sezilir. Amma gerçəkdə onun necə kövrək, həssas olduğunu az adam bilir. Onun uzaq bir adamın durumuna kövrəlib necə ağladığını neçə dəfə görmüşük.

Əfqanı təbrik edirəm!

[caption id="attachment_48362" align="aligncenter" width="1023"] Şahvələd Çobanoğlu[/caption]

Xədicə İsmayıla gəldikdə, indi onu bütün dünya tanıyır. İndi Xədicə təkcə jurnalist deyil, jurnalistika dərsliyidir. Azərbaycan hakimiyyəti və kimlərsə çalışa bilər ki, onun hətta mükafatlarına da kölgə salsın. Amma iş-işdən keçib, Xədicənin araşdırmaları artıq dünyanın ən məşhur universitetlərində jurnalistika dərsliklərinə əyani vəsait və uğur təcrübəsi kimi salınır.

Xədicə artıq yerli miqyası aşan bir peşəkarlıq və cəsarət göstərib və göstərir, doğrudan da "legendary internasional grandmaster" statusundadır. O daha böyük mükafatlara layiqdir və almaqda davam edəcək. Gördüyü işin miqyası və təəssüratı o qədər böyükdür ki, onu çox təbrik etməli olacağıq.

Bütün bunları da hamı bilir. Amma mən yenə də az adamın bildiyini demək istəyirəm.

Xədicə həbsdə olanda yazmışdım, o, qeyri-adi cəsarəti və yüksək bacarığı ilə yanaşı, olduqca sadə adamdır, işlərin irəli getməsi üçün mətnin üzünü də köçürər, tərcümə də edər, ən qara, çətin işləri hamı ilə bərabər görməkdə davam edər. Gözəl insandır. Bu da ona təbiətən verilmiş misilsiz bir mükafatdır.

Xədicəni ürəkdən təbrik edirəm!

Yazı müəllifin fikirlərini əks etdirir və saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun