Saakaşvili öz tərəfdarlarını onu Poroşenkodan müdafiə etməyə çağırıb

Saakaşvili öz tərəfdarlarını onu Poroşenkodan müdafiə etməyə çağırıb
25 Oktyabr 2017
Mətni dəyiş

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynadakı tərəfdarlarını onu prezident Petro Poroşenkodan müdafiə etməyə çağırıb.

Azadlıq Radiosunun məlumatına görə, Saakaşvili oktyabrın 24-də NewsOne telekanalı ilə verdiyi bəyanatda deyib: "Poroşenko məni ekstradisiya etmək istəyir. Mən Kiyev sakinlərini və bütün namuslu insanları müdafiəmə çağırıram”.

Oktyabrın 24-də bu çağırışdan az əvvəl Ukraynanın baş prokuroru Yuri Lutsenko bəyan etmişdi ki, ölkənin miqrasiya xidməti Saakaşvilinin qaçqın kimi sığınacaq almaq barədə müraciətini rədd edib.

Lutsenko deyib ki, “bu səbəbdən də indi o dövlətsiz şəxs sayılır və onun deportasiya və ya ekstradisiyası qarşısında heç bir maneə qalmır”.

Saakaşvilinin vəkili Pavel Boqomazov Rusiyanın RIA Novosti agentliyinə deyib ki, onun müştərisi miqrasiya orqanlarından rədd cavabı almayıb.

Gürcüstan hökuməti çevriliş təşkil etmək cəhdində günahlandırdığı Saakaşvilinin ekstradisiyasını tələb edir. Saakaşvili Tbilisinin bu ittihamlarını rədd edib.

Poroşenko Saakaşvilini 2015-ci ildə Ukraynanın Odessa vilayətinə qubernator təyin etmişdi. O bu vəzifəni qəbul etmək üçün Gürcüstan vətəndaşlığından imtina etməli olmuşdu. Lakin 2016-cı ilin noyabrında Saakaşvili, vilayətdə islahatlar aparmaq cəhdlərinin Poroşenko müttəfiqləri tərəfindən bloklandığını bəyan edərək istefa vermişdi.

2017-ci ilin iyununda prezident Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Onun dediyinə görə, buna səbəb Saakaşvilinin vətəndaşlıq üçün verdiyi ərizədə informasiyanı gizlətməsi olmuşdu.

Lakin pasportunun ləğv edilməsinə baxmayaraq, Saakaşvili sentyabr ayında Ukrayna ərazisinə daxil olub.

Baş prokuror Lutsenko bunu da bildirib ki, Saakaşvili ilə birlikdə Ukrayna parlamentinin qarşısında qurulmuş çadırda fasiləsiz etiraz aksiyası keçirən 20 tərəfdarı da ölkədən çıxarılacaq.

O deyib ki, bu şəxslər sakinlik icazəsini saxta səbəblərlə alanlardır.

Saakaşvilinin tərəfdarları parlament binasının yaxınlığındakı çadırları oktyabrın 17-də qurublar. Onlar Poroşenkodan antikorrupsiya islahatlarının həyata keçirilməsini tələb edirlər.

Oktyabrın 18-də aksiyaçılara qarşı gözyaşardıcı qazlardan istifadə edən polis 10 etirazçını həbs edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun