İraq ordusu ilə peşmərgələr arasında atışma baş verib

İraq ordusu ilə peşmərgələr arasında atışma baş verib
16 Oktyabr 2017
Mətni dəyiş

İraq hökuməti hərbi qüvvələri Kərkük şəhərinin ətrafında kürd silahlılarının nəzarəti altında olan ərazilərə göndərdikdən sonra tərəflər arasında atışmalar baş verib.

Dövlət televiziyası İraq hərbi qüvvələrinin neft yataqları daxil olmaqla, bəzi əraziləri "qarşıdurmasız" ələ keçirdiyini deyir, lakin kürd rəsmiləri bunu təkzib edirlər.

Xəbərlərə görə, Kərkük şəhərinin cənubunda tərəflər arasında artilleriya atəşi baş verib.

ABŞ hökuməti vəziyyətdən çox narahat olduğunu deyərək, "təzyiqi azaltmaq üçün ən yaxşı üsul" olan dialoqa çağırıb.

İraq hökuməti və ölkənin şimalında yerləşən muxtar İraq Kürd Regional Hökuməti (İKRH) arasında gərginlik, İKRH-in İraq hökumətinin razılığı olmadan sentyabr ayında müstəqillik referendumu keçirməsindən sonra artıb.

Mərkəzi hökumət 2014-cü ildə Kərkük şəhərinin ətrafında özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya itirdiyi və daha sonra kürd peşmərgə qüvəllərinin ələ keçirdiyi neft yataqları və hərbi bazaları geri almaq istəyir.

Kərkük muxtar İKRH-in tərkibində deyil, lakin hazırda kürd qüvvələrinin nəzarətindədir.

Böhranı aradan qaldırmaq üçün bazar günü keçirilən danışıqlar, kürd liderləri İraq hökumətinin referendum nəticəsinin ləğv edilməsi tələbini rədd etməsindən sonra nəticəsiz başa çatıb.

Bundan sonra İraq hökuməti "bazaları" və "federal təsisatları" ələ keçirmək üçün hərbi əməliyyata başladığını bildirib.

İraq hökumət qüvvələri şiə silahlı qruplaşmaları ilə birlikdə Kərkük şəhərinin cənubundan irəliləyirlər. Qüvvənin niyyəti bir hərbi hava bazasını və bir neçə neft yatağını ələ keçirməkdir.

Bir İKRH rəsmisi Reuters agentliyinə bildirib ki, İraq qüvvələrinin hədəfləri hələ kürd nəzarəti altındadır.

Kürd lideri Masoud Barzani-nin köməkçisi Hemin Hawrami kürd liderlərinin "hərbi yoldan" imtina etdiklərini, lakin şəhəri xarici qüvvələrə qarşı "müdafiə etməyə hazır" olduqlarını deyib.

ABŞ sözçüsü Laura Seal "sabitliyi pozan, bizi İD-ə qarşı mübarizədən yayındıran və İraqın stabilliyinə zərər gətirən" addımların atılmamasına çağırıb.

"Biz tərəflərin zor tətbiq etməsinə qarşıyıq", o, əlavə edib.

Bağdad iddia edir ki, kürd rəhbərliyi, Türkiyədə yerləşən Kürdüstan Fəhlə Partiyası (PKK) döyüşçüləri daxil olmaqla, xaricdən gətirilmiş döyüşçüləri Kərkük şəhərinin ətrafında yerləşdirib. Ölkə bunu bir müharibə elanı kimi qiymətləndirib, İraq kürdləri bu iddianı təkzib edib.

Həm kürdlər, həm də İraq hökuməti neftlə zəngin olan Kərkük bölgəsinin öz nəzarəti altında olmasını istəyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun