Bakı-Tbilisi-Qars dəmiryolu xətti rəsmən açıldı

Bakı-Tbilisi-Qars dəmiryolu xətti rəsmən açıldı
30 Oktyabr 2017
Mətni dəyiş

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi Azərbaycan, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstan liderlərinin iştirakı ilə keçirilib.

İlk qatar Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından yola salınacaq. Hazırda dəmiryolunun açılış mərasimi keçirilir və prezident İlham Əliyev və Recep Tayyip Erdoğan çıxış edib.

Açılış mərasiminə Azərbaycan, Türkiyə, o cümlədən, Gürcüstanın, Qazaxıstan və Özbəkistan baş nazirləri qatılıb.

"İlk mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon ton yükün daşınması nəzərdə tutulur", Prezident Əliyev bəyan edib.

Sərnişindaşıma ilə bağlı detallar hələ açıqlanmayıb.

"Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir", Prezident Əliyev açılış mərasimində etdiyi çıxışında bildirib.

"Zəhmətlə yeyilən soğan, minnətlə yeyilən baldan şirindir, deyər azəri qardaşlarımız. Bu layihə zəhmətlə və alın təriylə həyata keçirildiyi üçün çox qiymətlidir", - Türkiyə lideri Erdoğan bildirib.

qatar
Bu gün Bakı-Tbilisi-Qars dəmiryolu xətti fəliyyətə başlayır

Prezident İlham Əliyev çıxışında deyib ki, "Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan ərazisində Şimal-Cənub dəmiryolu layihəsi ilə bağlı bütün işlər tamamlanır, bütün infrastruktur hazırdır".

O bildirib ki, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur.

"Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq. Hesab edirik ki, bu, mümkündür. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji nəqliyyat yolları istifadəyə veriləcək".

"Bazarda ciddi rəqiblər var"

"Azərbaycan rəsmiləri bu layihəyə çox önəm verir, sanki bu layihə yüz milyonlarla, milyardlarla gəlir gətirəcək, ancaq belə deyil", iqtisadçı ekspert Natiq Cəfərli BBC Azərbaycancaya deyir.

Onun hesablamasına görə, bu xətlə il ərzində 5-7 milyon ton yükdaşınması nəzərdə tutulur, "bundan isə ildə 50 milyon dollar əlavə qazanc" əldə etmək olar:

"Layihəyə qoyulan xərci nəzərə alsaq, Bakı-Tbilisi-Qars-ın uzun zaman rentabelli olmayacağını söyləyə bilərik".

Natiq Cəfərli Azərbaycanın regionda loqistika mərkəzinə çevrilmə istəyini təqdir edir, ancaq deyir ki, bazarda ciddi rəqiblər var və buna görə də "yükdaşıma müddəti və tarifi cəlbedici olmalıdır".

Bu layihəyə 640 milyon xərclənib

2004-ci ildən imzalanmış Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi üçün bu il sentyabrın 30-na qədər 640,3 milyon ABŞ dolları dəyərində vəsait ayrılıb, Azərbaycan Dövlət Neft Fondu açıqlayıb.

Bu vəsaitin bir qismi həm də Gürcüstanda aparılmış tikinti işlərinin əksər qisminin həyata keçirilməsi üçün istifadə olunub.

Azərbaycan Dəmir Yolları saytında bildirilir ki, yüklərin daşınması qurumun nəzdində yaradılan "ADY Konteyner" MMC-yə həvalə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun