Avstriyada parlament seçkiləri keçirilib - mühafizəkarlar irəlidədir

Avstriyada parlament seçkiləri keçirilib - mühafizəkarlar irəlidədir
16 Oktyabr 2017
Mətni dəyiş

Avstriyada bazar günü keçirilmiş parlament seçkilərində qələbə çalmağa daha şanslı sayılan mühafizəkar Xalq Partiyasının (ÖVP) lideri Sebastian Kurz-un cəmi 31 yaşı var.

İlkin məlumatlara əsasən, onun partiyası səslərin 31 faizini toplayıb.

İfrat sağçı Azadlıq Partiyası (FPÖ) və Sosial-Demokratlar Partiyası, rəy sorğularının nəticələrinə əsasən, ikinci yer uğrunda mübarizə aparacaq.

Hazırkı hökümət ÖVP ilə Sosial-Demokratlar partiyasının koalisiyası əsasında qurulub, həmin koalisiyada aparıcı rolu Sosial-Demokratlar partiyası oynayır.

Seçkiqabağı kampaniyanın gedişində əsas mövzu immiqrasiya məsələsi olub, və güman edildiyinə görə, son illər ərzində FPÖ-nun hakimiyyətə qayıdışı üçün hazırda ən əlverişli şərait yaranıb.

Dekabr ayında keçirilmiş prezident seçkilərində partiyanın namizədi Norbert Hofer 46% toplayaraq qələbə çalmağa yaxın olsa da, o, Yaşıllar partiyasının namizədi, 53% səs toplamış Alexander Van der Bellen-ə məğlub oldu.

Avstriyada budəfəki parlament seçkiləri 2015-ci ildə Avropaya böyük sayda sənədsiz miqrant və qaçqın axınının doğurduğu əndişə fonunda keçirilir.

Məhz həmin amil nəticəsində ötən ay Almaniyada keçirilmiş parlament seçkilərində sağçı qüvvələr parlamentdə yerlər qazana bilmişdi.

Seçkidə qalib gələn partiyaya yeni höküməti formalaşdırmaq tapşırılacaq.

1980-ci ildən bəri Avstriyada parlament seçkilərində qalib gələn partiya digər partiya ilə koalisiyaya girmək şərti ilə hökümət qura bilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun