Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar kredit ayırıb
19 Oktyabr 2017
Mətni dəyiş

Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development - EBRD) İdarə Heyəti oktyabrın 18-də Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin maliyyələşməsi üçün Azərbaycana 500 milyon dollar kredit ayırıb.

“Turan” agentliyinin məlumatına görə, bu haqda EBRD-in press-relizində deyilir.

Məlumatda deyilir ki, kredit “Cənub Qaz Dəhlizi”nin ən böyük hissəsini təşkil edən TANAP layihəsində istifadə edilməsi üçün ayrılıb. Vəsait “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə ayrılacaq.

Cəmiyyətin krediti TANAP üzrə öhdəliklərinin bir hissəsinin maliyyələşdirilməsinə yönəltməsi nəzərdə tutulur. Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabarti-nin başçılıq etdiyi nümayəndə heyəti sentyabrda Azərbaycanda səfərdə olub. Nümayəndə heyətini Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də qəbul edib.

Həmin görüşlə basğlı yayılmış rəsmi məlumatda deyilirdi ki, tərəflər “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi məsələsini müzakirə ediblər.

TANAP və TAP layihələri “Cənub Qaz Dəhlizi”nin ayrı-ayrı hissələrini təşkil edir. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi “Şahdəniz-2”dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) isə TANAP-ın davamıdır. “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

Layihənin 2020-ci ildə tam reallaşacağı bildirilir.

TANAP üzrə işlərin 70, TAP üzrə isə 40 faizdən çoxunun icra edildiyi bildirilir.

Dünya Bankı, Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) “Cənub Qaz Dəhlizi”ni dəstəkləyir.

Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı 2014-2019-cu illər üzrə 11.9 milyard dollar öhdəliyi var. Bu vəsaitdən ötən ilin sonuna kimi 6 milyard dolları icra edilib.

Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin dəyəri təxminən 40 milyard dollar həcmində qiymətləndirilir. Bu vəsaitin 9.3 milyard dolları TANAP, 6 mlrd. dolları TAP, 23.8 milyard dolları isə “Şahdəniz-2” və Cənubi Qafqaz Kəmərinin genişləndirilməsi layihələrinin payına düşür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun