AFFA rəsmisi: "Hətta çexiyalı jurnalistlər də maska taxmağa razılaşdılar"

AFFA rəsmisi: "Hətta çexiyalı jurnalistlər də maska taxmağa razılaşdılar"
5 Oktyabr 2017
Mətni dəyiş

Çexiya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl Azərbaycan milli komandasının mətbuat konfransında maska flaşmobunu AFFA təşkil etmək istəyib  Bu barədə "Report"a qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

M.Nərimanoğlunun sözlərinə görə, bu flaşmob yığmada son oyununu keçirəcək Rəşad Sadıqova dəstək məqsədi daşıyıb. O, ötən günün birinci yarısında FİFA komissarı Romano Klavedetşerlə, mətbuat konfransından əvvəl isə jurnalistlərlə bu barədə danışdıqlarını və heç bir etiraz cavabı almadıqlarını açıqlayıb. "Biz bu flaşmob barədə oyunun isveçrəli komissarla ötən gün səhər saatlarında danışmışdıq. Həmin vaxt o, etiraz etmədiyi üçün üzərində Rəşad Sadıqovun şəkli olan maskaları hazırlatmışdıq. Mətbuat konfransından əvvəl isə jurnalistlərə 20 saniyəlik flaşmob keçirmək istəyimizi bildirdik. Bu vaxt heç bir həmkarımız etiraz etmədi. Hətta çexiyalı jurnalistlər də razılaşdılar. İştirakçılardan kimsə narazı olsaydı, özümüz flaşmoba cəhd belə etməyəcəkdik. Lakin FİFA komissarı mətbuat konfransının özləri tərəfindən lentə alınaraq, yayımlandığını əsas gətirərək, razı olmadı. Bununla belə, jurnalistlər tədbirin sonunadək maskaları əllərində tutdular. Mətbuat konfransından sonra isə maskada Rəşad Sadıqovla şəkil çəkdirməyi düşünürdük. Amma buna Sadıqovun özü razı olmadı" - deyə M.Nərimanoğlu bildirib.

AFFA rəsmisi onu da bildirib ki, söhbət millidə son oyununu keçirən Rəşad Sadıqova dəstəkdən getdiyi üçün jurnalistlərin maska taxması ideyasında birmənalı qəbul olunmayacaq hal yoxdur.

Qeyd edək ki, Rəşad Sadıqov baş məşqçi Robert Prosineçki və futbolçu Rahid Əmirquliyevin də qatıldığı mətbuat konfransında Azərbaycan millisi ilə vidalaşdığını rəsmən bəyan edib. Sadıqov sonuncu dəfə bu gün Çexiyaya qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçında milli forma geyinəcəyini vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun