2035-ci ildə Ermənistan əhalisi 2,5 milyonadək azala bilər - BMT

2035-ci ildə Ermənistan əhalisi 2,5 milyonadək azala bilər - BMT
19 Oktyabr 2017
Mətni dəyiş

BMT-nin proqnozlarına görə, heç bir ciddi tədbir görülməsə, Ermənistan əhalisinin sayı 2035-ci ilədək 2,5-2,6 milyonadək azala bilər.

Bu barədə əhalinin sayı barədə yeni məruzəni təqdim edən BMT Əhali Fondu Ermənistan ofisinin nümayəndəsi Qarik Hayrapetyan məlumat verib.

Eyni zamanda, ölkədə doğum səviyyəsinin artırılması və repatriasiya istiqamətində ciddi tədbirlər görüldüyü halda, 2035-ci ilə kimi əhalinin sayını 3,2 milyonadək artırmaq olar.

"Bu, xeyli təkəbbürlü, nəzəri baxımdan mümkün rəqəmdir. Lakin əməli cəhətdən çox mürəkkəb və ciddi səylər tələb edən işdir", - "Bölünmüş dünya: bərabərsizlik əsrində reproduktiv səhhət və hüquqlar" hesabatındakı rəqəmləri açıqlayan Qarik Hayrapetyan deyib.

1 yanvar 2017-ci il tarixinə olan məlumata görə Ermənistan əhalisinin sayı 2 986,5 min təşkil edir.

2040-cı ildə əhalinin sayının 4 milyona çatacağı barədə Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatını xatırladan BMT nümayəndəsi bunun "qeyri-real" göründüyünü bildirib.

"Bunun üçün bu istiqamətdə bu gün yox, dünəndən ciddi investisiyalar qoymaq lazım idi. Dünya təcrübəsi bunun mümkün olduğunu göstərir, - Qarik Hayrapetyan deyir. - Məsələn, Skandinaviya ölkələrində son 25 il ərzində doğum sayının göstəricisi 1,4-dən 1,9-dək artıb - bu, ciddi tərəqqi sayılır".

BMT nümayəndəsi qeyd edir ki, doğum səviyyəsinin artması heç də ailələrə maliyyə yardımı göstərməklə şərtləşmir.

Bunun əvəzinə həmin ölkələrdə qadının öz və uşaqlarının gələcəyi üçün arxayın olmasını təmin edən şərait - iş yerləri, özünü realizə etmək imkanları - yaradılıb.

Onun sözlərinə görə, ailə ilk və növbəti uşağı doğmaq qərarı qəbul edərkən, ilk növbədə, özünü "sosial və iqtisadi baxımdan rahat hiss etməlidir".

İyul ayında Milli Statistika İdarəsi bildirib ki, əhalinin xaricə üz tutması nəticəsində 2017-ci ilin ilk iki rübündə Ermənistan sakinlərinin sayı az qala 9 minədək azalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun