Yavər Camalovun qardaşının şikayətçi olduğu işdə hökm oxunub

Yavər Camalovun qardaşının şikayətçi olduğu işdə hökm oxunub
14 Sentyabr 2017
Mətni dəyiş

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova görə cinayət məsuliyyətinə cəlb olunan Samir Nəbiyevin aylardır davam edən məhkəməsi yekunlaşıb.

Nazirin qardaşından 18 min manat və 2500 dollar pul alıb qaytarmamaqda suçlanan Samir Nəbiyevə 6 il 10 ay cəza təyin olunub.

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Şəkər Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

Amma məhkəmə Nəbiyevə münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Onun cəzası iki il sınaq olmaqla, şərti hesab olunub və həbs edilməyib.

CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan Samir Nəbiyev özünü qismən təqsirli sayır. O, Azadlıq Radiosu-na deyib ki, hökmdən apellyasiya şikayəti verməyəcək.

“KİMİNSƏ PULUNU YEMƏK FİKRİM OLMAYIB”

"Mənim kimisə aldatmaq, kiminsə pulunu yemək fikrim olmayıb. Pulu birlikdə iş görüb qazanmaqdan ötrü almışdım. Əvvəlki aylarda qazancdan Əlikram müəllimə də vermişəm. Amma sonradan devalvasiya oldu, işlər korlandı, müflisləşdim", – Nəbiyevin sözləridir.

Nəbiyev Camalovdan 2014-cü ilin noyabrında 18 min manat, daha sonra 2500 dollar pul alıb. Razılaşmaya görə, Nəbiyev icarə əsasında işlətdiyi elektrik avadanlıqları mağazasına yeni mallar almalı, qazancın yarısını da nazirin qardaşına verməli imiş. Əvvəlki aylarda razılaşmaya əməl olunub. Amma sonradan Nəbiyev pul verə bilməyib, mağazanı bağlayıb. Bundan sonra Camalovla onun arasında notarial qaydada müqavilə bağlanıb. Müqaviləyə görə, 6 ay ərzində alınmış pul tam qaytarılmalı, həmçinin aylıq da əlavə olaraq, 1250 dollar verilməliydi. Samir Nəbiyev bu dəfə də pulu qaytara bilməyəndə Camalov polisə şikayət edib.

Məhkəmədə Camalovla Nəbiyevin vəkili arasında qalmaqal yarandı. Çünki vəkil bildirirdi ki, nazirin qardaşı sələmlə pul verib.

Nəbiyev vəkilindən imtina edəndən sonra Əlikram Camalov da onu bağışladığını və şikayətçi olmadığını bildirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun