Üzeyir Hacıbəyovun fenomenal düşüncə tərzi - Firudin Allahverdi

Üzeyir Hacıbəyovun fenomenal düşüncə tərzi - Firudin Allahverdi
19 Sentyabr 2017
Mətni dəyiş
Firudin Allahverdi

Üzeyir Hacıbəylinin məni ən çox təəccübləndirən tərəfi artıq çox gənc yaşlarından etibarən malik olduğu, fenomenal sayıla biləcək analitik düşüncə tərzidir. Onun 20-25 yaşları arasında məsələlərə baxışından bir neçə misal çəkmək istəyirəm.

1. Niyə avropalıların arasından alim, həkim, ədiblər çıxır, bizim aramızdan qoçular? Fərq bizim zatımızdadırmı? Cavab: xeyr, insan hər yerdə insandır; fərq harada nəyə meydan yaradılmasındadır. Harada hansı fəaliyyətə meydan yaradılıbsa, o sahəyə istedadı olan adamlar meydana çıxır.

2. Rus-yapon müharibəsi Üzeyirin rəiyyəti olduğu böyük Rusiyanın kiçik Yaponiya məğlubiyyəti ilə bitir. Gənc Üzeyir qarşısına "niyə məğlub olduq, kimdir günahkar, düşmən yaponlar" kimi mövzular qoymur. Qocaman ingilis mütəfəkkirlərə yaraşacaq "gəlin görək bu yaponlar kimdi axı" şəklində sual qoyaraq "Müxtəsər Yapon tarixi" yazısı yazır.

3. 1905-1906 erməni-müsəlman qırğınları zamanı 21 yaşlı Üzeyirin mövqeyi: Hər iki tərəfdə günah var, amma məsuliyyət daha çox qarşı tərəfdədir, çünki onların ziyalısı daha çoxdur.

4. Bəzi feillərin arxasına niyə "türkün məsəli" ifadəsini əlavə edirik? Çünki elə düşünürük ki bu feillər biədəb səslənir, günah da bizdə deyil, dilimizdədi; dilimiz biədəbdi. Halbuki günah elə məhz bizdə, bizim düşüncə tərzimizdədir ki, məsum sözlərə biədəb məna geyindiririk.

Yəqin bu kimi misalları çoxalda biləcəyimi əlavə etməyə ehtiyac yoxdur. Son olaraq ehtiyac olan bir şey varsa o da özümüzü özümüzə bir daha tanıtmaqdır.

Biz o camaatıq ki, "əgər Əhmədin əlində 2, Məmmədin də əlində 2 alması varsa, hamısı neçə alma edər" sualına XX əsrin əvvəllərinə qədər öz dilimizdə yazılı cavabımız olmayıb. Bu məsələni də 1907, ya 8-ci ildə Ü. Hacıbəyli Qafqaz tatarlarının (yəni bizim - adını bilməyən kütlənin) dilində ilk dəfə Riyaziyyat dərsliyi yazmaqla həll edib.

Yazı müəllifin fikirlərini əks etdirir və saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun