"Ukraynanı siyasi böhrandan çıxartmaq üçün qayıtmışam" - Saakashvili

"Ukraynanı siyasi böhrandan çıxartmaq üçün qayıtmışam" - Saakashvili
14 Sentyabr 2017
Mətni dəyiş

Mikheil Saakashvili Ukraynanın qərbində elədiyi çıxışında deyib ki, ölkədəki “siyasi böhran”ın həllinə köməkdən ötrü qayıdıb və gələn həftə Kiyevə getmək fikrindədir.

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın keçmiş prezidenti həm ukrayna dilində, həm də rusca danışıb. O, sentyabrın 13-də Çernovtsi şəhərində tərəfdarlarına deyib ki, bu həftə ölkəyə qayıdışının məqsədi “sadəcə” Ukrayna vətəndaşlığının ləğvini mübahisələndirmək deyil.

“SİYASİ BÖHRANDAN NECƏ ÇIXMALI”

“Sizinlə birlikdə Ukraynaya əsas məsələnin həllindən ötrü qayıtdım: hazırda ölkədə mövcud siyasi böhrandan necə çıxmalı”, – o deyib.

Əvvəl Gürcüstan, daha sonra Ukrayna vətəndaşı olan Saakashvili-nin hazırda vətəndaşlığı yoxdur, prezident Petro Poroshenko iyulda onun Ukrayna vətəndaşlığını ləğv edib.

O, Çernovtsıda deyib ki, sentyabrın 19-da Kiyevə getməmişdən öncə “digər şəhərlərə” də dəstək toplamaq məqsədiylə baş çəkəcək. O, paytaxtın “təcili xilas edilməli olduğunu” vurğulayıb.

Çıxışın videosunu Ukraynanın "TSN" televiziyası "Facebook" səhifəsində yerləşdirib.

VOLKER-İN MÜNASİBƏTİ

Vətəndaşlığı ləğv edilən Saakashvili sentyabrın 10-da yüzlərlə tərəfdarının müşayiəti ilə Polşadan Ukraynanın Lvov şəhərinə keçib. İki gün sonra Lvov rəsmiləri Saakashvili-yə rəsmi bildiriş veriblər, onun sərhədi qanunsuz keçdiyi, bir neçə sərhədçinin insident zamanı xəsarət aldığı bildirilir. Yerli medianın yazdığına görə, o, sentyabrın 18-də insidentlər bağlı məhkəmədə olmalıdır.

Rusiya xəbər agentliklərinin yazdığına görə, Saakashvili yürüş zamanı kampaniyasını sentyabrın 19-da Kiyevə keçirəcəyini açıqlayıb.

Saakashvili sentyabrın 12-də Birləşmiş Ştatların Ukraynanın şərqində münaqişənin bitməsi üzrə xüsusi elçisi Kurt Volker-in videosunu yerləşdirib. O deyib ki, Saakashvili-yə məsələsini Ukrayna məhkəməsinə çıxarmağa icazə verilməlidir.

“Ukrayna hüququn aliliyi olan ölkədir”, – o, Saakashvili-nin statusu barədə sualı belə cavablandırıb.

XATIRLATMA

Gürcüstan hökuməti Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Özü ittihamları rədd edir, deyir ki, Gürcüstanın ekstradisiya xahişi onun Ukraynada olmasından qorxan “oliqarxlar”ın adından verilib.

Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru kimi işləməyə başlayıb.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun