Şeyxin qudası: "Oğlumun həbsinin arxasında Zakir Qaralov dayanır"

Şeyxin qudası: "Oğlumun həbsinin arxasında Zakir Qaralov dayanır"
18 Sentyabr 2017
Mətni dəyiş

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib.

Məlumata görə, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir.

Qalib Salahzadə olke.az-a açıqlamasında xəbərin doğru olduğunu bildirib. Sabiq deputat deyib ki, oğlu sentyabrın 13-də gecə saatlarında Nəsimi rayon prokurorluğunun müstəntiqi Anar Abıyevin qondarma qərarı ilə həbs olunub.

"Biz bu həbs qərarı ilə qəti razı deyilik və apellyasiya şikayəti vermişik. Oğlumun həbsinin arxasında Baş prokuror Zakir Qaralov dayanır. Müstəntiq Anar Abıyev də ətrafında olan adamlar vasitəsilə bildirib ki, onun bu işdə günahı yoxdur və ona göstəriş baş prokuror Zakir Qaralov tərəfindən verilib. Səbəb də məlumdur. Çünki Zakir Qaralov 22 ildir ki, mənimlə düşməndir".

'Zakir Qaralovun torpaqları zəbt etməsinə qarşı çıxmışdım'

Şeyxin qudası bildirib ki, hələ Zakir Qaralov 22 il öncə Sabunçu rayon prokuroru işləyən zaman Bilgəhdə zəfəran torpaqlarını qeyri-qanuni yolla zəbt etmək istəyirdi.

"Həmin vaxt mən də Bilgəhdə zəfəran kolxozunun direktor müavini idim. Bu məsələyə görə aramızda problem yaranmışdı. Mən Zakir Qaralovun torpaqları qanunsuz yolla zəbt etməsin qarşı çıxmışdım. Buna görə Zakir Qaralov zaman-zaman məni həbs etmək istəyib. Hətta, 2000-ci ildə oğluma açılan eyni maddə ilə məni də həbs etmişdi. Mənə qarşı açılan işin müstəntiqi də Arzu İsmayılov olub".

Q.Salahzadə deyir ki, 2000-ci ildə ona qondarma cinayət işi açılmışdı. Onun sözlərinə görə, guya dövlət qulluqçusuna zor tətbiq etmiyinə, həbsxanadan adam qaçırdığına, 8 nəfər adam öldürdüyünə və evindən 2880 ədəd silah mərmisi tapıldığına görə.

"Heydər Əliyev Zakir Qaralovu çağırıb danlamışdı"

"Bu qədər cinayəti heç qanuni oğrular törədə bilməzdi. Amma Zakir Qaralov adıma yazdırmışdı. Təbii ki, bütün bunların hamısı yalan idi. Məni Zakir Qaralov torpaq məsələsinə görə həbs etmək istəyirdi. Ancaq Allah rəhmət etsin ulu öndər Heydər Əliyevə. O, mənim həbs olunmağıma imkan vermədi. Onları çağırıb danlamışdı. Bu gün isə Zakir Qaralov oğlumu həbs etməklə məndən intiqam alır”.

Q.Salahzadə bildirir ki, oğlu günahsızdır, yerini bilən, ağıllı adamdır. Üç dəfə də Həcc ziyarətində olub. Onu şərləmək istəyirlər. Onun sözlərinə görə, sentyabrın 4-də oğlu Əlihüseyn Salahzadə evində oturub Qurban Bayramını qeyd edirmiş. Həmin gün qapı döyülüb, qapını açan zaman “Azərsu” ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs onun həyat yoldaşını təhqir edir.

"Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni, oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də məhkəmə keçirilərək, oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır”.

Abzas.net olaraq iddialara və cinayət işi ilə bağlı Baş Prokururluqdan münasibət almaq cəhdlərimiz baş tutmadı. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun