S.Seyidov: ‘Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmayacaq’

S.Seyidov: ‘Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmayacaq’
14 Sentyabr 2017
Mətni dəyiş

“Avropanın içərisində püxtələşmiş, formalaşmış, Azərbaycanı istəməyən qüvvələr fikirləşirlər ki, Azərbaycanı Avropa Şurasından çıxartsaq, bununla dünya dağılacaq. Vallah dünya da dağılmayacaq, problem də olmayacaq. Problem daha çox Azərbaycan üçün yox, Avropa Şurası üçün olacaq. Rusiya çıxdı Avropa Şurasından, nə oldu? Hər iclasda müzakirə olunur ki, Rusiyanı hansı yolla qaytaraq?”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının baş katibi Thorbjorn Jagland-ın söylədiklərinə münasibət bildirərkən belə deyib. Jagland Azərbaycana qarşı “misli görünməmiş hüquqi hərəkət” edilməsinə, ölkənin qurumdan uzaqlaşdırılmasına çağırıb. Buna səbəb Avropa İnsan Haqları Məhkəməsinin qərarına rəğmən Bakının siyasi məhbusu azadlığa buraxmaqdan imtinası göstərilir.

“Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı yoxdur”

Səməd Seyidov AzadlıqRadiosu-na açıqlamasında bildirib ki, Avropa Şurasının və onun qurumlarının apardığı siyasət, üzv ölkələrlə münasibəti “böhran içərisindədir”: “Yaxşı, Polşanı da çıxarın, Azərbaycanı da, Macarıstanı da, Türkiyəni də çıxarın. Nə olacaq onda? Nə üçün lazımdır onda bu təşkilat? Çıxara-çıxara getsinlər, qalacaq İngiltərəylə Fransa? Ya da Norveçlə İsveç? Divar hörmək, Avropa Şurası özünə elit bir klub yaratmaq istəyirsə, yaratsın. Bizim bura nə dəxlimiz var? Yox, bizimlə əməkdaşlıq etmək, dərdimizə şərik olmaq istəyirsinizsə, işğal olunmuş torpaqları azad etmək üçün beynəlxalq qanunun aliliyini təmin etmək istəyirsinizsə, problemlərimizi dərk etmək istəyirsinizsə, gəlin, əməkdaşlıq edək. Bəzən sual verirlər ki, Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı var? Sual qoyulmalıdır ki, ümumiyyətlə, bu təşkilatın əhəmiyyəti var? Bu nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı yoxdur, sıfır dərəcəsindədir”.

“Sanksiya dili işləmir”

Bununla belə, nümayəndə heyətinin rəhbəri Bakının Avropa Şurası ilə əməkdaşlıqda maraqlı olduğunu bildirir. O ki qaldı Avropa Parlamentinin sentyabrın 13-də “Azərbaycanın pulyuyan maşını” (OCCRP jurnalistika layihəsinin Azərbaycandan çıxarılan pullara dair araşdırması. Araşdırmada 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar pulun çıxarıldığı, həmin pulların Avropada rüşvət kimi verildiyi, mənimsənildiyi iddia olunur – red.) üzrə araşdırma başlamasıyla bağlı qətnamə qəbul etməsinə, Səməd Seyidov deyir:

Azərbaycana sanksiyaların tətbiqinə dair təkliflərə münasibət bildirən Seyidovun fikrincə, son illərin təcrübəsi göstərir ki, “sanksiyalar qeyri-produktiv” yoldur və ümumiyyətlə, “sanksiya dili” müasir dünyada “işləmir”. “Bu sanksiya tətbiq edənin özünə daha çox problem yaradır, nəinki sanksiya tətbiq ediləcək tərəfə”, – nümayəndə heyətinin rəhbəri söyləyir.

Şahin Hacıyev: “Bu, hardasa partlamalı idi”

Son günlər Azərbaycan hakimiyyətinin ünvanına beynəlxalq qurumlardan gələn tənqidlərin sayı artmaqdadır və bəzən də sərt addımlar atılması tələb olunur.

“Hər dəfə Azərbaycanda böhran yaşananda, ciddi pozuntu olanda reaksiya verilirdi. Amma bu dəfə reaksiya həmişəkindən daha güclü oldu”, – “Turan” informasiya agentliyinin redaktoru Şahin Hacıyev belə düşünür.

O, son hadisələri daha çox “Turan”ın direktoru Mehman Əliyevin həbsi ilə (Mehman Əliyev barəsində həbs qətimkan tədbiri sentyabrın 11-də dəyişdirildi – red.) əlaqələndirir və “məntiqli reaksiya” sayır.

“Bundan əvvəl baş verən hadisələr, məsələn, Əfqan Muxtarlının oğurlanması, digər məhkəmələr, başqa jurnalistlərin həbsi və bunun fonunda rəsmi Bakının daim verdiyi bəyanatlar ki, “Hər şey qanun çərçivəsindədir, qeyri-adi heç nə baş vermir” və s. bütün bunlar, məcazi mənada desək haçansa, hardasa partlamalı idi. Beynəlxalq qurumların da hövsələsi, demək olar, tükənib. İndi də reaksiya verməsəydilər, nə zaman verəcəkdilər? Mənə elə gəlir, baş verənlər bütün bu faktorların cəmlənməsinin səbəbidir”, - Şahin Hacıyev deyir.

Beynəlxalq qurumlardan təpki gəldi, bəs nəticə olacaqmı?

“Turan”ın redaktorunun fikrincə, bu cür məsələlərdə “obyektivlik”dən çox “siyasi maraqlar” öz sözünü deyir. Və fikrini bu şəkildə izah edir:

“Mənə elə gəlir, radikal addımlar atılmayacaq. Məsələlər diplomatik yollarla həll olunacaq. Gərginlik nə Qərbə lazımdır, nə də Azərbaycana. İqtisadi baxımdan Azərbaycanın Qərblə ilişkiləri çoxdur. Çox vacib tərəfdaşla əlaqələri korlamaq məntiqsizlik olardı. Belə baxanda səbəb, sadəcə, emosiyalardır. Kimsə özünə qarşı hörmətsizliyə cavab olaraq kimisə cəzalandırır. Oturub fikirləşəndə görür ki, itirdiyi daha çoxdur, nəinki qazancı. Deyək ki, Azərbaycana da İran kimi sanksiyalar tətbiq edildi, onda bütün qlobal layihələr dondurulmalıdır. Halbuki Azərbaycan qazı Avropa üçün önəmlidir. Bunlar geostrategiyanı, geosiyasəti formalaşdıran layihələrdir. Bunlar əhəmiyyətlidir deyə dövlətlər həmin məqamları nəzərə almaya bilməzlər. Rusiya ilə Türkiyəni götürək, o boyda konflikt oldu, bəyanatlar səsləndirildi, amma bir il sonra barışdılar, əməkdaşlıq edirlər. İqtisadi maraqlar hər zaman önəmlidir”.

Şahin Hacıyevin qənaətincə, siyasi problemlər “siyasi alver” nəticəsində “yavaş-yavaş” yoluna qoyula bilər. O bu zaman konkret şəxslərə sanksiyaların tətbiqini mümkün hesab edir. Məsələn, beynəlxalq qurumların təklif etdiyi kimi Bakı Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova və ya Mehman Əliyev, “Turan”la bağlı cinayət işində iştirak edənlərə konkret sanksiyaların tətbiq edilə biləcəyini söyləyir. (Bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları ABŞ-a göndərdikləri, sanksiya tətbiqi təklif elədikləri siyahıya Mirqafar Seyidovun da adını salıblar

Amma Şahin Hacıyev Azərbaycanın Avropa Şurasından uzaqlaşdırılmasını real saymır. Bakı ilə Qərbin yaşadığı gərginliyinsə belə bir sonluqla bitəcəyinə əmindir:

“Tarixə baxsaq, adətən, belə olur – Qərblə Bakı arasında böhran yaşanır, sonra danışıqlar aparılır və konkret addımlar atılır. Yadınızdadırsa, bir müddət əvvəl 14 siyasi məhbus azadlığa buraxıldı. Eyni zamanda, Azərbaycan-ABŞ münasibəti yumşaldı. Bu, bir misaldır. Məncə, indi də buna oxşar nəsə baş verəcək. Siyasi məhbusların bir neçəsi buraxıla, hansısa cinayət işləri bağlana bilər və s. Bu, yoxlanılmış, adi praktikadır”.

“Görmüsünüzmü, bizdə problem olduğuna görə, kimsə Azərbaycandan imtina etsin?”

YAP-çı deputat Səməd Seyidovun dedikləri də Şahin Hacıyevin dediklərindən fərqlənmir.

“İki saat əvvəl dünyanın ən aparıcı neft şirkətləri 2050-ci ilə qədər Azərbaycanla “Azəri-Çıraq-Günəşli” ilə bağlı müqavilə imzaladılar. Orda TAP, TANAP məsələsi, Avropa-Azərbaycan əlaqələri baş nazirlər, nazirlər, siyasətçilər tərəfindən təqdim olundu. Elə bilirsiniz, bu bizi istəməyən qüvvələrə xoş gəlir? Ona görə əllərindən gələni edirlər ki, Azərbaycanı tənqid etsinlər, layiq olmayan dövlət kimi təqdim etsinlər, Avropa Şurasından çıxarsınlar, Avropa Parlamenti ilə münasibətləri korlasınlar, Avropa Şərq Tərəfdaşlığı Proqramından uzaqlaşdırsınlar. Təbii, onlar bu mübarizəni, müharibəni aparırlar. Siz görmüsünüzmü, bizdə problem olduğuna görə, kimsə Azərbaycandan imtina etsin? Ancaq biz problemləri həll edirik. Məsələn, bu yaxınlarda Mehman Əliyevlə bağlı addım atıldı. Mən sizə də müsahibəmdə demişdim ki, tələsməyin, bununla bağlı araşdırmalar gedir. Onunla yanaşı Nardaran hadisələrində iştirak edən şəxslər, Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşan cənab Lapshin azadlığa buraxıldı. Yəni proses gedir”, – deməklə Səməd Seyidov fikrini yekunlaşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun