Rusiya və Ermənistan Hava müdafiə qüvvələrinin tərkibini müəyyən ediblər

Rusiya və Ermənistan Hava müdafiə qüvvələrinin tərkibini müəyyən ediblər
6 Sentyabr 2017
Mətni dəyiş

Rusiya və Ermənistan Qafqaz bölgəsində fəaliyyət göstərəcək Birləşmiş Regional HavaHücumundan Müdafiə Sistemi (BRHHMS) qüvvələrinin tərkibini müəyyən ediblər.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Qərargah rəisi, Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanının birinci müavini general-leytenant Pavel Kuraçenko bildirib.

“Kollektiv təhlükəsizliyin Qafqaz bölgəsindəki Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sistemi (BRHHMS) qüvvələrinin tərkibinə qatılması üçün Rusiya və Ermənistanın ayırdığı qoşunların siyahısı müəyyən edilib”, - deyə Kuraçenko Hava Hücumundan Müdafiə məsələləri ilə bağlı Koordinasiya Komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sisteminin (BRHHMS) yaradılması barədə sazişin əməli icrasına dair sənədlərin hazırlanmasına başlanılıb.

Qeyd olunan saziş 2015-ci ilin dekabrın 23-də Moskvada imzalanıb və 2016-cı ilin dekabrında Dövlət Duması tərəfindən ratifikasiya edilib.

Sentyabrın 5-də Həştərxanda MDB ölkələrinin müdafiə nazirləri Şurasının yanında Hava Hücumundan Müdafiə məsələləri ilə bağlı Koordinasiya Komitəsinin iclası öz işinə başlayıb. Tədbirdə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistan Müdafiə Nazirliklərinin nümayəndə heyətləri iştirak edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun