Polis rəisinin oğlu yol qəzası törətdi – 2 ölü, 3 yaralı

Arxiv

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu həbs edilib.  

Abzas.net xəbər verir ki, Səbail rayon Məhkəməsində baş tutan prosesdə Rəhimov Arif Qalib oğlu haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb. İş üzrə təqsirləndirilən şəxs qismində “Subaru” markalı avtomobilin sürücüsü Rəhimov Arif ittiham olunur.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

Lerik sakinləri Füzuli Məmiyev və Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, Arif Rəhimov və 1 sərnişin xəstəxanaya yerləşdirilib.