Padşaha girən paz - Əziz Nesin

Padşaha girən paz - Əziz Nesin
8 Sentyabr 2017
Mətni dəyiş

Aziz Nesin - "Məmləkətin Birində" (1958) kitabından "Padşaha girən paz" yazı

O günə rəvayət və bu minval üzrə hekayət edirlər ki, çox qədim zamanlarda, yer üzünün yarı-gizli bir yerində, suları bol, dörd yanı yol, insanları ərimli, torpağı verimli, xalqı ərdəmli, yazarları görkəmli bir ölkə var imiş. O ölkədə hər kəs təkcə öz marağında olub, "gəmisini xilas edən kapitan, sən kisə gey mən qəlibdən" deyərək, heç kəs bir başqasını düşünməzmiş. "Hər qoyun öz ayağından asılır", "hər eşşək öz ayağından nallanır", "mənə nə gərək, paxlava börək" deyib, hər adam qarnı tox, kürəyi dik olduqda, başqalarının da özü kimi olduğunu güman edərmiş.

Günlərin bir günü bir nəfər ortaya atılıb, - "Ay aman, ay aman, mənə paz giriir, paz giriiiir", - deyə bir sözü yerdə, bir sözü göydə, çığırmağa başlayanda, ilk başda heç kəs məhəl qoymayıb, - "başqasına girən paz mənim nəyimə lazımdır. Allaha min şükürlər olsun ki, mənə paz-maz girib eləmir", - deyə bu səsə qulaq asmadı. Amma gəl gör ki, adamın, - "payz giriiiir", - deyə bağırtısı o qədər artır ki, bağırtısından ölkədə yaşayanlar narahat olub, hay-küyə düşürlər.

Şəhərin nizamını qoruyan mühafizəçi, gözətçilər, aramsız olaraq bağıran adamı tutub hər tərəfini yaxşıca yoxlasalar da, heç bir yerinə paz girdiyini görmürlər. "Bu insan yalançıdır, bağırır, çığırır, hər kəsi narahat edir", - deyib adamı şəhərdən uzaq bir yerə sürgünə göndərib, bir mağarada həbs edirlər.

Bir müddətdən sonra, günlərin bir günü "paz giriir!", - deyə bağıran adamı yaxa-paça edən mühafizəçi də, gözətçi də, - "paz giriiiir", deyə qışqırmağa başlayırlar. Səslərindən yer yerindən oynayır. Gözətçini, mühafizəçini gətirib çıxarırlar qazının yanına. Qazı da onları əməlli-başlı əldən keçirib, - "paz-maz girməyib. Paz girsəydi görünərdi. Siz boş yerə şəhərdəkiləri təşvişə salırsınız", deyib qəti bir qənaətə gəlir ki, bunların ayaqlarına zəncir vurub zindana atmaq lazımdır.

Aradan gün keçir, ay keçir, bir gün qazı da cübbəsinin ətəkləri havada, sarığı, qovuğu küləkdə uçuşa-uçuşa çölə qaçıb, - "paz giriiiir, ay aman", - deyə qışqırmağa başlayır. Qazının bağırtısı, o qədər yüksək olur ki, padşahın qulağına qədər çatır. Padşah bu olan işlərə çox təəccüb edir, - "bu nə işdir, qazıya belə paz girir. Bir yaxşıca baxın görək, qazıya da həqiqətən paz girə bilərmi?", - deyə buyurur.

Baş həkim dərhal qazının yanına varıb onu əzir, çevirir, qazının hər tərəfinə baxır, amma heç bir girən paz görmür. Həkim qərar verir ki, qazıya paz girməyib, ancaq ona paz girdiyini hesab etdiyi, hamını acıqlandırdığı, şəhəri ayağa qaldırdığı üçün onun əqli problemləri var, ona görə o, dəlixanaya salınmalıdır. Dərhal qazı dəlixanaya göndərilir.

Bir müddət sonra qazıya girən pazı görməyən həkimbaşı, - "ey amaan, mənə də indi paz giriiiir", - deyə səhər tezdən isti yatağından qalxıb küçələrə üz tutur. Baş həkimi belə görənlər, əllərini dizlərinə vuraraq, qəh-qəhədən iki qat olub, -  "aman ha, həkimbaşı necə dəli ola bilər? Bu boyda həkimbaşı da ona paz girdiyini güman edir", - deyib həkimbaşına istehza edirlər. Şəhərin uşaqları da qabları bir-birinə vura-vura həkimin dalına düşüb, - "yuuu" deyə qışqırırlar. Həkimbaşı, - "bu dərddən bir anlayan yoxdur, ey həmvətənlərim. Mənə girən başqa şey deyil, pazdır", - deyə camaatı başa salmağa çalışsa da heç bir faydası olmur. "Mən bu dərddən qurtula bilməsəm, ölərəm", - deyə amansızcasına bağırır.

Padşah bunu eşidərək çox əsəbləşib, - "bunlar işi əndazədən çıxardılar, bu nədir daha. Yalan yerə deyirlər paz girir, amma girən pazı da heç kim görə bilmir. Ekspertlər gəlib baxsınlar. Onların elmi gücü var, biz görmürüksə, onlar görərlər", - deyə əmr edir. Ən böyük mədrəsələrdən üç nəfər ekspert seçilib həkimbaşına başdan ayağa dəfələrlə baxırlar, incələyirlər. Təəssüf ki, hansısa bir pazın girdiyini görmürlər.

"Girən-çıxan paz yoxdur. Bu boyda həkimbaşı heç utanmır, bizi aldatmağa çalışır. Boş yerə xalqı qaldırır ayağa", - deyib, həkimbaşının əllərini, ayaqlarını bağlayıb uzaq bir yerə sürgünə göndərirlər.

Aradan çox keçmədən, həmin üç ekspert də bir gün, - "aman-aman din qardaşlarımız, paz girir", - deyə səsləri çıxdığınca bağırmağa başlayırlar. Şeyxülislam olsun, vəzirlər olsun, sədrəzəm olsun, hamısı da bu ekspertlərə baxıb, - "boş yerə hay-küy edirsiniz, paz-maz girib eləmir", - deyəndə, ekspertlər də, - "bir gözü görən bəndə yoxdur, ey din qardaşları! Axı girən elə pazdır ki var", deyirlər. Haray saldıqları üçün onlar da zindanlara atılırlar.

Gün çatıb, bir zaman gəlir, şeyxülislam ilə bütün vəzirlər, sədrəzəm də, - "vay amaan, bu paz nə pazdır, indi də bizə girir", - deyə, bir fəryad-ü-figan edirlər ki, təbir olmaq olmaz! Padşah, - "ortada nə paz var, nə də başqa bir şey. Olsaydı görünərdi. Yalan deyirsiniz". deyir.

Amma gəl gör ki, getdikcə o ölkədə yeddidən-yetmişə, gənci-yaşlısı, bir zaman gəlir, - "paz giriiiir", - deyə qışqırmağa başlayır. Padşah da, - "özlərinə paz girməyənlər, paz girir deyənlərə baxsın. Baxaq, dedikləri düzdürmü", - deyir. Özlərinə paz girməyənlər, paz girir deyənlərə yaxşıdan da yaxşı baxdılarsa da, heç bir paz aşkarlamayb deyirlər, - "Padşahımız, çox yaşa. Sayəndə heç paz-maz girməyib, bunlar fitnə-fəsad edirlər".

Beləcə, bir az zaman keçdikdən sonra, o ölkədə hamı qışqırmağa, özünə paz girdiyini deməyə başlayır. Padşah da, - "hər kəs bir-birinə baxsın, həqiqətən paz girirmi", deyir. Hamı bir-birinə baxır. Amma heç biri, o birinə girən pazı görmür. Hər kəs bir-birinə, - "yalançı, sənə girən paz-maz yoxdur. Paz yalnız mənə girir. Sənin hay-küyündən mənim səsimə qulaq asan olmur", - deyə qışqırıb hamısı bir-birinin üstünə düşürlər.

Bir müddət keçdikdən sonra, heç kim "paz giriiir!" deyə qışqırmaz olur. Artıq paz alışırlar. Heç bir səs çıxır. Hər nə oldusa, ilk səslənənlərə oldu. Bir gecə yarı hansısa evdən bir səs yüksəlir ki, o səslə yer yerindən oynayır, hər kəs yatağından qalxır. Padşah gecə köynəyində özünü küçəyə atıb, - "amaan, ey mənim sevimli bəndələrim, yetişin! Mənə də paz giriiiir", - deyə dayanmadan qışqırmağa başlayır. Şəhərin adamları, - "Padşah, yalan danışmaz. Əlbəttə paz olduğu doğrudur. Bizdən çox çığırması da normaldır ki, hər kəsə rütbəsinə görə böyük paz girər. Padşaha girən paz yəqin nədirsə, sultani bir şey olmalıdır", - deyirlər.

Padşah yeri göyü inlədərək, - "nə dayanmısınız, gəlin pazı çıxarın", - deyə yalvarır. Padşahın ətrafındakılar, - "ay allah, necə çıxaraq, bu paz başqa pazlara bənzəmir. Gözlə görünmür, əllə tutulmur. Ağrısını da paz girəndən başqası hiss eləmir. Bir azca da döz, bir müddət sonra bizim kimi sən də paza öyrəşər, rahatlaşarsan" deyirlər.

Tərcümə: Rəhim Vəliyev

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun