'Orta əsrlərdə krallar həm də hakim idi, bizdə də çıxıb rəsmi elan etsinlər'

'Orta əsrlərdə krallar həm də hakim idi, bizdə də çıxıb rəsmi elan etsinlər'
13 Sentyabr 2017
Mətni dəyiş

Mehman Əliyevin həbsxanadan buraxılması ilə bağlı prezident İlham Əliyevin köməkçiləri Əli Həsənov və Fuad Ələsgərov mətbuatda açıqlamaları yayımlandı. İşə yenidən baxılması üçün Əli Həsənov prezidentin məhkəməyə tapşırıq, Fuad Ələsgərov isə tövsiyyə verdiyini bildirdilər.

Abzas.net olaraq hüquqşunaslardan bu açıqlamalar, Azərbaycanda prezidentin məhkəmələrə göstəriş, tövsiyyə verməyi ilə bağlı münasibət aldıq.

'Baş verən biabırçılığı malalamağa çalışırlar'

Hüquqşünas İntiqam Əliyev deyir ki, bununla, baş verən biabırçılığı malalamağa çalışırlar. Mehman bəyin həbsi barədə qərarın sifarişli olduğunu az-çox bu ölkədəki durumdan məlumatı olan və obyektivlik hissini itirməyən hər kəs anlayır.

Onun sözlərinə görə, bu ölkədə prezidentin hansı qüvvəyə sahib olduğunu, məhkəmələrin isə hansı miskin durumda olduğunu da anlatmağa gərək yoxdur.

'Prezidentin qeyri-rəsmi tövsiyəsi belə bütün qanunlardan yüksəkdir'

"Prezidentin nəinki rəsmi fərmanı, sərəncamı, hətta qeyri-rəsmi tövsiyəsi və hətta xahişi belə bütün qanunlardan yüksəkdir, nəinki hakimiyyətin bütün qolları üçün, o cümlədən məhkəmələr üçün tapşırıqdır, əmrdir. Bu anlamda prezident tapşırıq, yoxsa tövsiyə verib, heç nəyi dəyişmir. Görünən odur ki, qanunsuz tutulan Mehman bəyi prezidentin tapşırığı (biz deyən) və ya tövsiyəsi ilə (hökumət rəsmiləri deyən) buraxıblar", - deyə İntiqam Əliyev əlavə edir.

Hüquqşunas deyir ki, əks halda, elə həmin məmurlar da, dövlət və onun nəzarəti altında olan qurumlar da onu dövlət başçısının humanist addımı kimi bəh-bəhlə tirajlamazdılar, ona palaz-palaz minnətdarlıq məktubu yazmazdılar.

'Məhkəmələrin müstəqilliyi barədə söhbət açmaq mənasızdır'

İntiqam Əliyev bildirir ki, Mehman Əliyev həbsdə olmalı deyil, sadə bir həqiqətə görə: cinayət törətməyib. Bu anlamda azadlıq onun haqqıdır (eynilə siyasi sifarişlə tutulan 160-a yaxın məhbusun haqqı olduğu kimi).

"Amma bu ölkədə dəyərlər o qədər baş-ayaq olub, özbaşınalıq elə miqyas alıb ki, hakimiyyət bölgüsü, məhkəmələrin müstəqilliyi barədə söhbət açmaq mənasız görünür, hətta qıcıq doğurur. Qanunsuzluğun bu cür qanunsuz yollarla "bərpasına" ictimai təpki göstərmək əvəzinə, bu cür rəzalətə sevinməyə məhkum olunmuşuq. Amma bunun rəzalət olduğunu, azı, anlamalıyıq", - deyə İntiqam Əliyev bildirib.

'Azərbaycanda nə məhkəmə həbs edir, nə də məhkəmə buraxır'

Hüquqşünas Xalid Bağırov isə deyir ki, Azərbaycanda insanları nə məhkəmə həbs edir, nə də məhkəmə azadlığa buraxır. Onun sözlərinə görə, artıq hakimiyyət də bunu ifadə etməkdən çəkinmir. Sadəcə bəzi məsələlər olur ki, o zaman hər şeyi deyə bilmirlər.

[caption id="attachment_46426" align="alignnone" width="903"] Xalid Bağırov[/caption]

"Öncə trajladılar ki, prezident humanistlik edib tapşırıq verib ki, Mehman Əliyevin işinə yenidən baxılsın, müxtəlif adamlara prezidentə təşəkkür məktubu yazdırdılar. Daha sonra anladılar ki, bu, Azərbaycanda məhkəmə sisteminin nə qədər bərbad olduğunu isbat edir. İndi bu səhvlərindən dönməyə çalışırlar. Bütün bunlara baxmayaraq, hər kəs yaxşı bilir ki, Azərbaycanda bütün digər orqanlar kimi, məhkəmə orqanları da bir nəfərin iradəsi ilə idarə olunur" - deyə hüquqşünas əlavə edib.

Xalid Bağırov bildirib ki, orta əsrlərdə krallar həm də hakimlər idi. İndi də belə olsun, rəsmi şəkildə elan etsinlər.

"Nə qədər acınacaqlı olsa da, vəziyyət budur. 21-ci əsrdə özünə hörmət edən xalqı bu vəziyyətə gətirib çıxardıblar. Azərbaycanda siyasi həbslərin qərarını verən də İlham Əliyevdir, onları sərbəst buraxan da. Orta əsrlərdə necə ki, krallar, padşahlar həm də hakimlər idi, hökm verənlər idi, bizdə də rəsmən belə olsun, çıxsınlar desinlər ki, belədir. Bütün bunlar sadəcə biabırçılıqdır", - deyə Xalid Bağırov deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun