Mehman Əliyev məhkəmədən azadlığa buraxıldı [Foto-video]

Mehman Əliyev məhkəmədən azadlığa buraxıldı [Foto-video]
11 Sentyabr 2017
Mətni dəyiş

'Turan' İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu gün Yasamal rayon məhkəməsindən azadlığa buraxılıb. 

Abzas.net xəbər verir ki, baş redaktoru Yasamal Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Qərara əsasən M.Əliyev barəsində olan həbs-qətimkan tədbiri dəyişdirilib.

Məhkəmə qarşısında jurnalistlərə açıqlama verən Mehman Əliyev deyib ki, birinci növbədə onun azadlığa çıxması üçün çalışan Azərbaycan ictimaiyyətinə, onların fəaliyyətinə inanan, dəstək olan insanlara minnətdarlığını bildirir.

'Yerli və beynəlxalq ictimaiyyətə, ailəmə minnətdarlığımı bildirirəm'

"İkinci növbətə bizə dəstək olan xarici dövlətlərə, beynəlxalq təşkilatlara öz minnətdarlığımı bildirirəm. Həmçinin öz ailəmə minnədarlığımı bildirirəm ki, onlar özlərini kifayət qədər güclü apardılar. Mənimçün bu çox vacib idi. Və mənimlə bir kamerada olan dostlarıma minnətdarlığımı bildirirəm, mənə çox hörmətlə yanaşırdılar".

Mehman Əliyev bildirib ki, bu işin məntiqi sonluqla yekunlaşacağına ümid edir. Onun sözlərinə görə, gələcəkdə Turan İnformasiya Agentliyinə olan ittihamlar öz təsdiqini tapmayacaq.

'Hesab edirəm ki, bu məsələ bağlanacaq'

"Bütün araşdırmada iştirak edirik, istintaqdan yayınmırıq. Bütün lazım olan sənədləri tam şəkildə təqdim etmişik. Hesab edirəm ki, həqiqi vəziyyətin nədən ibarət olduğu bilinəcək və bu məsələ bağlanacaq".

Azadlığa buraxılmasını şərh edən Mehman Əliyev bildirib ki, o, 'Turan' İnformasiya Agentliyinin fəaliyyəti, Azərbaycan mediasının inkişafına verdiyi töhfələr, istintaqın gedişi ilə bağlı ölkə prezidentinə müraciət edib.

Prezidentə və Yasamal məhkəməsinə müraciət

"Məktubla eyni mətnlə Yasamal rayon məhkəməsinə də müraciət etdim və azadlığa çıxdım" - deyə Əliyev bildirib.

'"Turan"ın onunsuz da məhdud miqdarda olan vəsaitlərinə əl qoyulub, bundan sonra fəaliyyətimiz çox çətin olacaq'.

Direktor bildirib ki, Turan İnformasiya Agentliyinin fəaliyyətinin yenidən bərpası çox çətindir, çünki bunun üçün heç bir vəsaitləri yoxdur. Agentliyin bank hesablarındakı pullar köçürülüb.

'Zona getməyə hazırlaşırdım' Mehman Əliyev açıqlamasında uzunmüddətli həbsə də hazır olduğunu bildirib. O deyib ki, hər şeyə hazır idi. "Açığı, zona getməyə hazırlaşırdım. Çünki istintaq təcridxanası ilə tanış oldum, polis idarəsində iki gün saxlanıldım, oranı tanıdım, zona da baxmaq mənə maraqlı olardı. Yəni ora mən hazırlaşırdım." Xatırlatma

Mehman Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılmışdı.

Aidiyyəti orqanlar M.Əliyevin müraciətini Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamına uyğun olaraq nəzərdən keçiriblər.

Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

ABŞ Senatoru Riçard Durbin-in Sentyabrın 7-si, Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəlişi Senata təqdim edib.

Senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edib.

Bundan sonra Mehman Əliyevin 8 sentyabra nəzərdə tutulan məhkəməsi təxirə salınaraq 11 sentyabra saxlanılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun