London polisi metroda baş vermiş partlayışla bağlı şübhəli şəxsi saxlayıb

London polisi metroda baş vermiş partlayışla bağlı şübhəli şəxsi saxlayıb
16 Sentyabr 2017
Mətni dəyiş

İngiltərənin Kent qraflığının polisi London metrosunda törədilən hücumla əlaqədar 18 yaşlı şəxsi saxlayıb.

Şübhəli şənbə günü ölkənin cənub-şərqindəki Dover dəniz limanı rayonunda yaxalanıb. O, hazırda yerli polis bölməsində qalır, lakin onun Londona aparılacağı gözlənilir.

Polis şübhəli barədə əlavə məlumat verməyib.

Cümə günü Britaniya paytaxtının cənub-şərqindəki "Parsons Green" metro stansiyasında baş vermiş partlayış nəticəsində 29 nəfər xəsarət alıb.

Qatarda yerləşdirilən əldəqayırma partlayıcının tam partlamadığı bildirilir.

Təhlükəsizlik məsələləri üzrə BBC müxbirinin verdiyi xəbərə görə, bomba tam partlasa idi insidentin "daha ağır nəticələri" ola bilərdi.

Ötən gündən etibarən ölkə boyunca terror təhlükəsi üzrə xəbərdarlıq ən yüksək - kritik səviyyəyə qaldırılıb.

Bu hücumun hər an baş verə biləcəyinə işarə edir.

BBC-ə danışan daxili işlər nazirinin müavini Ben Wallace deyib ki, partlayışa görə məsuliyyət daşıyan "bomba və ya bombaçıların" axtarışı həyata keçirilir.

Polis müşahidə kameralarındakı görüntüləri təhlil etməkdədir.

İslam Dövləti adlandırılan qruplaşma bomba partlayışına görə məsuliyyəti öz üzərinə götürüb.

"Parsons Green" stansiyası şənbə günü yenidən açılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun