"Kanal 13"-ün direktorunun cinayət işi məhkəməyə göndərilib

"Kanal 13"-ün direktorunun cinayət işi məhkəməyə göndərilib
15 Sentyabr 2017
Mətni dəyiş

Həbsdəki jurnalist, "Kanal 13" TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucov (Qaraşoğlu) barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.

Bu haqda Azadlıq Radiosu-na jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, müdafiə tərəfinin cinayət işinin materialları ilə tanışlığı başa çatıb.

O, vurğulayıb ki, jurnalistə yekunda da Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlar təsdiqlənərsə, Ə.Orucova 8 ilə kimi həbs cəzası verilə bilər.

E.Sadıqovun sözlərinə görə, Əziz Orucov barəsində cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Məhkəmənin vaxtı, hələlik, bilinmir.

XATIRLATMA

"Kanal 13" TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucova (Qaraşoğlu) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu "Qafqaz Media Təhqiqatları" İctimai Birliyi və "Kanal 13" ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib, sonra həmin müddəti artırıb.

"Kanal 13" internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

Bakı bürosunda axtarışdan, kompüterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyanın fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun