Hacı İlham Əliyev: 'Bəzi məmurlar ölkə daxilində ixtişaş yaratmağın tərəfdarıdırlar'

Hacı İlham Əliyev: 'Bəzi məmurlar ölkə daxilində ixtişaş yaratmağın tərəfdarıdırlar'
20 Sentyabr 2017
Mətni dəyiş

Polisin Bakıda Azərbaycan İslam Partiyasının (AİP) 25 illik yubiley tədbiri keçirməsinə imkan vermədiyi bildirilir. Bu barədə İslam Partiyası sədr əvəzinin mətbuat konfransında deyilib.

Abzas.net xəbər verir ki, partiyanın sədr əvəzi Hacı İlham Əliyevin sözlərinə görə, yubiley tədbirinin Bakıdakı "Kəmalə Nərmin" şadlıq sarayında keçirilməsi planlaşdırılıb.

"Tədbirin başlaması ərəfəsində əraziyə polis qüvvələri gətirilib. Onlar restoranın qapısını bağlayaraq, qonaqların içəri daxil olmasına imkan verməyiblər. Bununla yanaşı partiya funksionerləri, qonaqlar ərazidən zor tətbiq edilməklə uzaqlaşdırılıb", - deyə sədr əvəzi bildirib.

Onun sözlərinə görə, polis rəsmiləri bildiriblər ki, restoranın su sisteminə zəhərli maddə qatılması haqda hüquq mühafizə orqanlarına məlumat daxil olub.

"İslam Həmrəyliyi ili" elan olunması ilə bir araya sığmır

Yubileyə gələnlərin ərazidən zorla uzaqlaşdırılması zamanı çəkiliş aparan şəxslərə də fiziki basqıların edildiyi bildirilir.

Hacı İlham Əliyev deyib ki, bu, ölkədə "İslam Həmrəyliyi ili" elan olunması ilə bir araya sığmır.

"Şadlıq evinin su sistemində zəhərli maddə aşkarlandığını bəhanə gətirdilər. Bu səbəbdən də tədbirin keçirilməsinə icazə verə bilməyəcəklərini bildirdilər. Ancaq hamımızın gördüyü kimi tədbirin keçiriləcəyi ərazidə qonaqlardan daha çox polis orqanlarının əməkdaşları var idi..."

Partiyanın sədr əvəzi bildirib ki, bəzi məmurlar ölkə daxilində ixtişaş yaratmağın tərəfdarıdırlar.

AİP-in açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

AİP sədri Mövsüm Səmədov hazırda həbsdədir. O, 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

M.Səmədov12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

Mövsüm Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan Qapalı Həbsxanasında aclıq aksiyası keçirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun