''Demokratiya', 'media azadlığı' çağırışları gözə kül üfürməkdən başqa bir şey deyil'

''Demokratiya', 'media azadlığı' çağırışları gözə kül üfürməkdən başqa bir şey deyil'
6 Sentyabr 2017
Mətni dəyiş

"Azərbaycan Prezidentinin nəcib və dəyərli təşəbbüsü bütün jurnalistlərimiz, media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və alqışlanıb, dövlətimizin başçısının KİV əməkdaşlarının sosial məsələlərinin həllinə diqqət və qayğısının bariz nümunəsi kimi xarakterizə edilib".

Abzas.net xəbər verir ki, bu sözləri prezident İlham Əliyevin köməkçisi Əli Həsənov deyib.

ABŞ-ın “The Washington Post” nəşri tərəfindən irəli sürülmüş iddialara münasibət bildirən Həsənov deyib ki, 2017-ci il iyulun 20-də prezidentin iştirakı ilə kütləvi informasiya vasitələrinin əməkdaşları üçün tikilmiş binanın açılış mərasimi keçirilib və daha 255 media nümayəndəsi mənzil sahibi olub:

“Azərbaycan prezidentinin nəcib və dəyərli təşəbbüsü bütün jurnalistlərimiz, media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və alqışlanıb, dövlətimizin başçısının KİV əməkdaşlarının sosial məsələlərinin həllinə diqqət və qayğısının bariz nümunəsi kimi xarakterizə edilib".

Prezidentin köməkçisi əlavə edib ki, bu addım bir sıra yerli və xarici KİV-lərdə qərəzli şəkildə şərh edilir.

"Təəssüf ki, bu mühüm təşəbbüs artıq formalaşmış ənənəyə uyğun olaraq bəzi yerli siyasi qruplar, onların nəzarətindəki media orqanları, həmçinin bir sıra xarici KİV-lər tərəfindən qərəzli şəkildə şərh edilir, “ölkədə söz və məlumat azadlığının məhdudlaşdırılması”, “jurnalistləri ələ almaq cəhdi” və s. bu kimi cəfəng iddialar irəli sürülür" - deyə Həsənov bildirib.

"'Washington Post' yalnış xəbərlər dərc edir, faktları saxtalaşdırır"

Onun sözlərinə görə, nəşr müəyyən dairələrin əlində silaha çevrilib.

“Demokratiya mübarizəsi”, “Media azadlığı” çağırışları gözə kül üfürməkdən başqa bir şey deyil”.

Prezidentin köməkçisi əlavə edir ki, ABŞ Prezidenti Donald Tramp artıq bir neçə dəfə “Washington Post”u yanlış məlumatlar dərc etməkdə, faktları saxtalaşdırmaqda, müxtəlif siyasi dairələrin maraqlarına xidmət göstərməkdə və “feyk xəbərlər” üzrə ixtisaslaşmaqda ittiham edib.

"Açıq-aydın görünür ki, “Washington Post” ABŞ-ın müəyyən siyasi və monopolist dairələri tərəfindən dövlət başçılarına, ictimai-siyasi xadimlərə, biznes strukturlarına və hətta ayrı-ayrı dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur və heç bir halda azad media nümunəsi hesab edilə bilməz. Buna görə də “Washington Post”un və onun arxasında duran dairələrin “demokratiya mübarizəsi”, “media azadlığı” çağırışları gözə kül üfürməkdən başqa bir şey deyil” - deyə Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fikrini sona çatdırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun