Bakının işğaldan azad edilməsindən 99 il ötür

Bakının işğaldan azad edilməsindən 99 il ötür
15 Sentyabr 2017
Mətni dəyiş

1918-ci ilin sentyabrın 15-də Bakının daşnak-bolşevik birləşmələrindən azad edilməsindən 99 il ötür.

1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılmış, mayın 28-də Azərbaycan müstəqilliyini elan etmişdi. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət Türkiyə oldu. Müstəqilliyini elan etdikdən sonra AXC-nin paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi.

Türkiyəyə müraciət edildi və kömək gəldi

Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi.

Belə bir kömək üçün Türkiyəyə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.

Azərbaycan hökumət ilə Osmanlı arasında müqavilə

Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı. Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək idi.

1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında Qarşılıqlı yardım və dostluq haqqında müqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.

Stepan Şaumyanın rəhbərliyi ilə soyqırım

Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi.

1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırım həyata keçirilmişdi. Soyqırımın həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olmuşdu.

Azad olunmasaydı, indi Bakı Azərbaycanın olmaya bilərdi

Bakının azad edilməsindən iki gün sonra Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürüldü. Bu isə ölkədə tamamilə yeni bir şərait yaratdı. Bundan sonra Azərbaycan hökuməti özünün elm, mədəniyyət, incəsənət mərkəzinə qovuşmuş oldu. Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə şimali Azərbaycan bütövləşdi.

Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Çünki bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdırırdılar. Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun