Bakıda məhkəmə önündə köynəksiz etiraz aksiyası keçirilib

Bakıda məhkəmə önündə köynəksiz etiraz aksiyası keçirilib
6 Sentyabr 2017
Mətni dəyiş

Paytaxt sakini Sənan İsmayılov sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə köynəyini çıxararaq, həmin məhkəmədə çıxarılmış hökmə etiraz edib.

İsmayılov məhkəmədə Fikrət Qəribovun sədrliyi ilə baxılmış cinayət işində zərərçəkmişdir. Elə etirazçı da qışqıraraq, hakim F.Qəribovun çıxmasını tələb edirdi.

Azadlıq Radiosunun məlumatına görə, sözügedən iş üzrə təqsirləndirilən Vəli Əhmədova 5 il həbs cəzası verilib. Əhmədov Rusiya vətəndaşıdır, amma hadisə Bakıda, Qaraçuxur qəsəbəsində baş verib.

17 il istənildi, 5 il verilib

İttihama görə, Vəli Əhmədovla Sənan İsmayılov arasında mübahisə olub. Bu zaman Əhmədov «Vinçester» markalı tüfənglə İsmayılovu güllələyib. Sənan İsmayılovu xəstəxanaya çatdırıblar.

İstintaq Əhmədovun əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirib və ona Cinayət Məcəlləsinin 29, 120.1 maddəsi ilə ittiham verilib.

Amma məhkəmə araşdırmasının nəticəsi olaraq, maddə dəyişdirilib. Əhmədovun əməli CM-nin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsinə tövsif olunub. Məhkəmə belə hesab edib ki, burada öldürməyə cəhd yoxdur, xəsarət yetirmə var. Ona görə də həmin maddənin sanksiyası çərçivəsində – 5 il cəza verilib.

Prokuror Vəli Əhmədova 17 il həbs cəzası verilməsini istəmişdi.

Hökmdən narazı qalan zərərçəkmiş hesab edir ki, onu güllələmiş şəxsə yüngül cəza verilib.

Amma zərərçəkmiş istintaq dövründə təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını deyib. Məhkəmədə isə sağ qolunun plastik əməliyyatı üçün İsraildə müalicəsinə maddi köməklik göstərilməsini istəsə də, qarşı tərəf imtina edib. Deyib ki, ona kifayət qədər maddi köməklik göstəriblər.

Sənan İsmayılov bildirib ki, köynəyini çıxarmaqla bədənindəki xəsarət izini göstərmək istəyir. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun