"Azərpoçt" tenderin nəticələrini açıqlayıb

"Azərpoçt" tenderin nəticələrini açıqlayıb
25 Sentyabr 2017
Mətni dəyiş

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərpoçt" MMC milli poçt operatoru iyulda keçirilən tenderin nəticələrini açıqlayıb.

Mal və ləvazimatların alınması üçün 12 lot üzrə 7 qalib məlumdur. Əvvəlki tenderlərdən fərqli olaraq, bu dəfə qalib şirkətlər real fəaliyyət göstərən şirkətlərdir.

Alınacaq malların (mebel, dəftərxana malları, kağız və s.) ümumi məbləği 1,2 mln. manat təşkil edib. Müqavilələr "Crovns", "İnci Group of Companies", "Offissa Dizayn Ko", "Yeni Poliqrafist", "Aspiration Group", "Mark Keytrinq", "9№-li Kiçik Müəssisə" şirkətləri ilə bağlanıb.

Kompüterlərin və ehtiyat hissələrinin, digər texnika və kondisionerlərin alınması üzrə tenderin nəticələri hələlik açıqlanmır.

2015-ci ilin sonunda "Azərpoçt" MMC-nin direktoru Qəmbər Bəybalayev və rabitə sistemindəki digər vəzifəli şəxslər korrupsiya ittihamı ilə həbs olunublar. "Azərpoçt" rəhbərinə qarşı 2 mln. manat mənimsəmə ittihamı irəli sürülüb.

Baş Prokurorluğun məlumatında qeyd olunub ki, "Azərpoçt" MMC və nazirliyin digər kommersiya strukturlarında "yaxın" şirkərlərlə müqavilələr şişirdilmiş qiymətlərlə bağlanıb.

Bu ilin iyulunda Q.Bəybalayev 3 il azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 10 il azadlıqdan məhrum olunmasını tələb edib. Proses zamanı onun dostları dövlətə dəyən 2 mln. manat zərəri ödəyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun