Avtobus sürücüsünü döyən generalın oğlunun işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Avtobus sürücüsünü döyən generalın oğlunun işi üzrə məhkəmə istintaqı yekunlaşıb
14 Sentyabr 2017
Mətni dəyiş

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun cinayət işi növbəti məhkəmə iclası keçirilib.

Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Bildirilib ki, iş üzrə dindirilməmiş bir şahid qalıb, o da səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmir.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə iclası sentyabrın 22-də keçiriləcək.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilib ki, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

R. Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğludur. N. Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun