''26'' kafesinin icarədarı və işçisi həbs olunub

''26'' kafesinin icarədarı və işçisi həbs olunub
14 Sentyabr 2017
Mətni dəyiş

Sentyabrın 8-də fəaliyyəti dayandırılmış “26” kafesinin icarədarı həbs olunub.

Səbail rayon Məhkəməsinin qərarı ilə kafenin icarədarı Ramin Məmmədov 20, kafenin digər işçisi Həmid Əfəndiyev isə 25 sutka inzibati qaydada həbs ediliblər (APA).

Sentyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə bağlanıb.

H.Abutalıbov jurnalistlərə bildirib ki, Bakının mərkəzində “26” adlı kafenin açılması yolverilməzdir:

“Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, “26” sözünü nəinki Azərbaycan, hətta ingilis  dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, erməni daşnaklarına Azərbaycanda yer yoxdur”.

H.Abutalıbov obyektin icarədarları və havadarlarının qanuna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlarını da deyib.

Bu hadisədən sonra kafenin Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən icarəyə verildiyi məlum olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun