Əbülfəz Qurbanlı fəaliyyətini N!DA-da davam etdirəcək

Gənc fəal Əbülfəz Qurbanlı siyasi fəaliyyətini Nida Vətəndaş Hərəkatında davam etdirəcək. 

Abzas.net xəbər verir ki, bu barədə Qurbanlı sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, N!DA Vətəndaş Hərəkatı son 15 ildə yaranan siyasi partiya və təşkilatlardan mövcud şərtlərə davam gətirən və ardıcıl fəaliyyətdə olan qurumdur.

“Onun yaranması, fəaliyyəti və sonralar hakimiyyətin repressiyalarının əsas hədəflərindən olması gözümüz önündə olub. Keçmiş dövrdə bir çox tədbirlərin, kampaniyaların, mitinq və birliklərin təşkilində N!DA ilə birlikdə hərəkət etmişik. Hazırda Hərakatın 5 siyasi məhbusu var ki, onlar Azərbaycanın parlaq insanlarındandır”.

Ə.Qurbanlı bildirir ki, Azərbaycan kimi qanunların işləmədiyi ölkədə N!DA-nın davam etməsini onun mövcudluq fəlsəfəsi və üzvlərinin fədakarlığı ilə izah etmək olar.

Fəaliyyətimi NİDA Vətəndaş Hərəkatında davam etdirəcəm

“Qərar verdim ki, fəaliyyətimi N!DA Vətəndaş Hərakatında davam etdirim. Hərakatın genişlənməsi, ölkənin bütün coğrafiyası üzrə təşkilatlanması və Azərbaycanda demokratik hüquqi şərtlərin bərqərarlığı üçün nidaçı dostlarla birlikdə çalışacam.
Vətənə, millətə xeyirli olsun” – deyə Əbülfəz Qurbanlı əlavə edib.

Əbülfəz Qurbanlı bundan öncə AXCP Gənclər Komitəsinin sədri olub. O, daha sonra partiya sədrinin müavini təyin olunub. Qurbanlı 2015-ci ilin iyul ayında partiya sıralarından istefa verdiyini bildirib.

Bir müddət müstəqil fəaliyyət göstərib. Yaxın vaxtlarda aktiv siyasətə qayıtdığını bildirib. Əbülfəz Qurbanlı bu ilin avqust ayında siyasi məhbusları “azadet” kampaniyasının təşkilatçılarından biri idi.