"Türkiyə mediasına Çinə qarşı yazmaq qadağan olunacaq" - Mövlud Çavuşoğlu

"Türkiyə mediasına Çinə qarşı yazmaq qadağan olunacaq" - Mövlud Çavuşoğlu
4 Avqust 2017
Mətni dəyiş

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu çinli həmkarı Vanq Yi ilə görüşdən sonra bəyan edib ki, Ankara Çinin təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir və bu ölkəyə qarşı hər hansı media yazılarının “kökünü kəsəcək”.

Reuters agentliyi xəbər verir ki, Çin və Türkiyə əvvəllər də öz aralarında təhlükəsizlik və antiterror əməkdaşlığını inkişaf etdirəcəklərini bildiriblər. Çinin əsas narahatlığı Türkiyədə Çinin türkdilli uyğur azlığına olan rəğbətdəndir.

Hazırda Yaxın Şərqin bir sıra münaqişəli regionlarında Çinin Sinzyan əyalətindən olan yüzlərcə müsəlman uyğur döyüşür.

Çavuşoğlu cənab Vanqla görüşündən sonra deyib ki, “biz Türkiyədə Çinin əleyhiinə olan hər hansı fəaliyyətə yol verməyəcəyik”.

Türkiyə xarici işlər naziri daha sonra əlavə edib: “Biz Çini hədəfləyən hər hansı media yazılarını ləğv edəcəyik”.

Reuters yazır ki, Çində repressiyalarla üzləşən minlərlə uyğur hər il gizli şəkildə “dilibir, dinibir” Türkiyəyə səfər edir.

Pekin bildirir ki, bu uyğurların çoxu sonralar İŞİD-ə qoşulmaq üçün İraq və Suriyaya keçir. Çin uyğurların din azadlığını pozduğunu inkar edir.

Reuters yazır ki, Çin əleyhinə media yazılarının qadağan olunmasını, ümumiyyətlə Erdoğanın azad mətbuata qarşı hücumunun tərkib hissəsi kimi başa düşmək olar.

Ötən ilin çevriliş cəhdindən bəri Türkiyədə 150 media qurumu bağlanıb, hazırda 160-dək jurnalist həbsxanalardadır.

Türkiyə rəsmiləri jurnalistlərin həbsinin onların peşə fəaliyyəti ilə bağlı olmadığında israr edirlər.

2015-ci ildə Türkiyə Sinzyan əyalətindəki uyğurların dini azadlığının və oruc tutmaq hüququnun pozulmasından narahatlığını bildirməklə Pekini qəzəbləndirmişdi.

O vaxt Çinin Türkiyədəki səfirliyi və konsulluğu qarşısında etiraz aksiyaları keçirilmişdi.

İki ölkə arasında həm də uyğurların Taylanddan Çinə qaytarılması məsələsinə görə gərginlik yaşanmışdı.

Lakin indi Ankara Pekinin nəhəng Kəmər və Yol layihəsində önəmli rol oynamaq istəyir. Erdoğan bu layihə ilə bağlı böyük tədbirdə iştirak etmək üçün ötən may ayında Çinə səfər etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun