“Taliban” Trump-dan ABŞ hərbçilərini Əfqanıstandan çıxarmasını tələb edib

“Taliban” radikal hərəkatı ABŞ prezidenti Donald Trampa məktub göndərərək hərbçilərinin tam şəkildə Əfqanıstandan çıxarılmasını tələb edib.

RİA “Novosti”yə məlumatına görə, məktubda “Taliban” ölkədəki zorakılığın xarici qoşunların iştirakı ilə birbaşa əlaqəli olduğunu bildirir.

Eyni zamanda “Taliban” ABŞ-ın başçılıq etdiyi koalisiyanı Əfqanıstanı məhv etməkdə günahlandırır və bunun nəticəsində ölkənin təhlükəsizlik, iqtisadiyyat və idarəetmə baxımından ən pis ölkələrdən birinə çevrildiyini vurğulayır.

ABŞ terrora qarşı mübarizə adı altında 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Ardından BMT Təhlükəsizlik Şurasının sanksiyaları əsasında ölkəyə NATO komandanlığı altında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (BTYQ) daxil olub. 2014-cü ildə NATO ölkələrinin döyüş kontingenti Əfqanıstandan çıxarılıb. 2015-ci il yanvarın 1-dən isə ölkədə hərbi əməliyyatların əvəzinə “Qətiyyətli dəstək” qeyri-döyüş missiyası başladılıb.