Təmkin Xəlilzadə: "Azərbaycan millisinə dəvət olunduğumu sizdən eşidirəm"

Təmkin Xəlilzadə: "Azərbaycan millisinə dəvət olunduğumu sizdən eşidirəm"
23 Avqust 2017
Mətni dəyiş

 “Milliyə dəvət olunmuşam? Bunu sizdən eşidirəm. Şad xəbər olasınız. Hər zaman əsas hədəfim yığmaya düşmək olub. Bu, mənim üçün böyük şərəfdir”. 

Bunu “Report”a açıqlamasında ilk dəfə Azərbaycan milli komandasına çağırılan "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə deyib.

24 yaşlı sol cinah müdafiəçisi bildirib ki, bundan sonra əsas hədəfi yığmada möhkəmlənməkdir: “Millinin formasını geyinmək hər bir futbolçunun arzusudur. Sevinirəm ki, buna nail oldum. Amma bununla iş qurtarmır, hələ yolun başlanğıcındayam. Yəni, bir dəfə çağırılıb, beş dəfə kənarda qalmamaq üçün çalışmaq lazımdır. Əsas məsələ heyətdə möhkəmlənmək və sözün əsil mənasında yığmaya kömək etməkdir. Buna məşqlərimlə, oynadığım futbolla nail oldum. Gecə-gündüz çalışdım və bundan sonra daha əzmlə işləyəcəyəm. Yığmaya çağırılacağımla bağlı məşqçilərlə heç bir dialoqum olmayıb. Həmişə bu məsələyə “Deməli, zəifəm ki, çağırılmıram” formasında yanaşırdım. Ruhdan düşmürdüm, günü-gündən “artırırdım”.

Xəlilzadə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıdakı "Bakcell Arena"da baş tutacaq görüşlərdə oynamağa hazır olduğunu deyib: “İlk dəfədir dəvət aldığımdan, bir az çətinlik olacaq. Lakin heç bir rəqabətdən çəkinmirəm. Şansımı gözləyəcəyəm. Komandamızı qarşıda iki oyun gözləyir. İstər Norveçlə, istərsə də San Marino ilə matç olsun, şans verilsə, bundan maksimum yararlanmağa çalışacağam”.

Cinah oyunçusu hazırda klubunu dəyişmək niyyətində olmadığını da söyləyib: “Zirə” ilə bir illik müqaviləm var. Milliyə düşməyimin klub karyerama təsir edəcəyini düşünmürəm”.

Təmkin Xəlilzadə son olaraq Azərbaycan Premyer Liqasının II turunda “Zirə”nin “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdiyi matçda sərgilədiyi oyunla və vurduğu 2 qolla diqqət çəkib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun