Nazirlik: Azərbaycanda kəskin respirator virus infeksiyaları azalıb

Nazirlik: Azərbaycanda kəskin respirator virus infeksiyaları azalıb
9 Avqust 2017
Mətni dəyiş

 Bu ilin 6 ayı ərzində ölkədə hava-damcı infeksiyalarından skarlatina, su çiçəyi hadisələri qeydə alınıb, kəskin respirator virus infeksiyalarının səviyyəsində 11,5% azalma müşahidə olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu ilin 6 ayı ərzində ilkin vərəm hadisələri 2016-cı il ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalıb.

Eyni zamanda, ölkə üzrə içməli su təchizatı üzərində sistemli nəzarət təmin olunub. Ölkənin 56 şəhər və rayonunda əhali tərəfindən istifadə olunan içməli suyun keyfiyyəti və təhlükəsizliyi üzərində monitorinq aparılıb, bakterioloji və fiziki-kimyəvi göstəricilərinə görə su nümunələri müayinə olunub.

Kür və Ceyranbatan Baş Su Təmizləyici Qurğuları, Oğuz-Qəbələ-Bakı Su Kəməri su təchizatı sistemləri vasitəsi ilə əhaliyə verilən içməli suyun keyfiyyəti və təhlükəsizliyi üzərində keçirilən monitorinq zamanı 93 su nümunəsi, Bakı şəhərinin mərkəzi su anbarlarının 776 su nümunəsi laboratoriya müayinəsinə cəlb edilib.

Həmçinin, Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlığı ilə əlaqədar, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib. Müayinələr zamanı Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zonalarında dəniz suyunun çirklənməsi hallarının hələ də davam etdiyi müəyyənləşdirilib, həmin çimərliklərdə bakterioloji çirklənmə göstəriciləri normadan yüksək olub.

Bununla əlaqədar Şıx çimərliyinin və Qaradağ rayonu Sahil çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qəbul edilən qərar qüvvədə saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun