Nazirin qardaşı ona dəyən ziyanın ödənilməsi tələbindən imtina edib

Nazirin qardaşı ona dəyən ziyanın ödənilməsi tələbindən imtina edib
30 Avqust 2017
Mətni dəyiş

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin vəkili İmaməli Əsgərov bildirib ki, təqsirləndirilən S.Nəbiyev məhkəməyə ərizə göndərib.

O ərizəsində qeyd edib ki, öz vəkili Ceyhun Yusifovdan imtina edib: "Vəkilim Ceyhun Yusifov bir çox saytlar və qurumlara mənim adımdan açıqlama verib. Həmin açıqlamadan imtina edirəm. Maddi imkanım olmadığı üçün Əlikram Camalovun pulunu qaytara bilməmişəm".

S.Nəbiyev ərizəsini təsdiq edib.

Daha sonra vəkil İ.Əsgərov qeyd edib ki, müvəkkili Əlikram Camalov da məhkəməyə ərizə ilə müraciət edib. O, dəymiş ziyandan imtina edərək, S.Nəbiyevi bağışladığını bildirib.

Prosesdə vəkil Ceyhun Yusifov çıxış edərək, məhkəmədən imtinanın qəbul olunmasını istəyib: "Hörmətli məhkəmə, mənə Samirin günahsız yerə tutulmaması lazım idi. Bu gün də tərəflər barışdı. Ona görə də imtinanı qəbul edin".

Məhkəmə hər iki ərizəni qəbul edib. İclasda məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.

Dövlət ittihamçısı isə çıxışa hazır olmadığını bildirib və məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabırn 5-nə təyin edilib.

Dövlət ittihamçısı çıxışında S.Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ötən məhkəmə iclasında S.Nəbiyevin vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edərək, məhkəmə istintaqının təzələnməsini istəyib. Vəsatət təmin edilib.

İttiham aktına əsasən, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində isə qazancın yarısını nazirin qardaşına verəcəyini vəd edib.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.

S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə.Camalova pulu qaytarmayıb. Nazirin qardaşı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Daha sonra onun müraciəti araşdırıldıqdan sonra Nərimanov Rayon Prokurorluğunda 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.

Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun