Moskva və Tatarıstan münasibətləri nə yerdədir? - Altay Göyüşov

Moskva və Tatarıstan münasibətləri nə yerdədir? - Altay Göyüşov
8 Avqust 2017
Mətni dəyiş
Altay Göyüşov

1990-cı illərdə SSRİ-nin müttəfiq respublikalarının müstəqillik əldə etməsi ilə yanaşı Rusiya federasiyasının türk və müsəlman muxtariyyətlərində də müstəqillik çıxışları artmışdı.

Bu respublikalardan biri də Tatarstan idi. Tatarstan nə Rusiya ilə kollektiv federasiya müqaviləsini bağlamış, nə də yeni federativ konstitusiyanın qəbulu üzrə referendumda iştirak etmişdi. Əksinə Tararstanda müstəqillik haqqında referendum da keçirilmişdi.

İndi Rusiya Krımda belə bir referenduma istinad edərək oranı ilhaq edib, amma fakt budur ki, Rusiyanın öz muxtariyyətləri belə referendumlarla ondan ayrılmaq qərarı vermişdilər.

Nəhayət, danışıqlar onunla nəticələndi ki, Rusiya Federasiyası ilə Tatarstan arasında ikitərəfli müqavilə imzalandı və sonuncuya digər federasiya subyektlərindən fərqli olaraq xüsusi imtiyazlar verildi.

Amma Rusiya yavaş-yavaş bu imtiyazları almaq siyasətinə əl atdı.

Əvvəl Putin federasiya subyektlərinin hüquqlarını zəiflətmək üçün ondan daha üst qurum olan federal dairələr yaratdı.

2004-cü ildə Putin qərar verdi ki, daha federasiya subyektlərinin prezidentlərini xalqlar birbaşa seçməyəcəklər. Putin özü təqdimat verəcək, subyektin parlamenti isə təsdiq edəcək.

Tatarstanın o vaxtkı prezidenti Şaymiyevə isə dedi ki, sən etiraz etmə, onsuz da sənin namizədliyini verəcəm. Bu razılaşdı, amma Putin onun namizədliyini birinci dəfə versə də, ikinci dəfə, yəni 2010-cu ildə Şaymiyevin namizədliyi verilmədi və Tatarstanın dövlət Şurası Medvedevin təqdimatı ilə indiki prezidentlərini seçdi.

[caption id="attachment_42691" align="aligncenter" width="960"] Altay Göyüşov[/caption]

Elə həmin 2010-cu ildə Rusiya dedi ki, daha muxtariyyətlərin rəhbərləri özlərinə prezident deməsinlər, başqa ad seçsinlər. Artıq hamıya bəlli idi ki, Moskva yavaş-yavaş Tatarstanın hüquqlarını əlindən alır. Bütün muxtariyyətlər prezident sözünü yığışdırdılar, bir Tatarstan bundan imtina etdi.

Camaatın narazılığı o qədər idi ki, Medvedev muxtariyyət prezidentinin növbəti dəfə yenidən xalq tərəfindən seçilməsinə qayıdılması haqqında qərar verdi ki, ehtiraslar yatsın.

Amma Putin qayıdandan sonra yenidən qanunu dəyişdirdi və bu dəfə də qanuna əlavə etdilər ki, subyektlərin öz qanunverici orqanları seçkilərin necə keçirilməsini seçə bilər.

Həmçinin 2007-ci ildə Rusiya ilə Tatarstan arasında səlahiyyətlərin bölüşdürülməsi haqqında müqavilə yeniləndi. 1994-cü il müqaviləsindən fərqli olaraq Tatarstanın bir xeyli imtiyazları əlindən alındı. Hətta tatar dilinin Tatarstanda rəsmi dil olması haqqında müddəanı belə yığışdırmaq tələb olundu. Tatarlar bunu saxlamağa müvəffəq olsalar da, birincisi latın qrafikasından imtinaya söz verdilər, ikincisi Tatarstanın prezidentinin tatar dilini bilməsi mütləq tələbdən, arzu olunan tələbə endirildi.

Bu müqavilə 10 illik bağlanmışdı, indi bitir. Görünən odur ki, Rusiya artıq bu müqaviləni yeniləmək istəmir, ona ehtiyac olmadığını bildirir. Tatarstanın keçmiş prezidenti isə müqavilənin yenilənməsinin vacibliyini neçənci dəfədir ki, xüsusi olaraq vurğulayır. Əməlli qarşıdurma var.

Bilmirəm necə olacaq, amma görünən odur ki, Putin Tatarstanı tamamilə əzmək istəyir. Türkiyə ilə münasibətlərin gərginləşdiyi anda Tatarstan prezidentinin Türkiyə ilə əlaqələri tamamən kəsmək tələbinə açıq etiraz etməsi Putini xüsusilə qıcıqlandırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun