Jurnalist işgəncələr barədə bildirir, polis rəisinin müavini ifadə verəcək

Jurnalist işgəncələr barədə bildirir, polis rəisinin müavini ifadə verəcək
5 Avqust 2017
Mətni dəyiş

Avqustun 4-də Sumqayıt Apellyasiya Məhkəməsində jurnalist İkram Rəhimovun işgəncə iddiası üzrə məhkəmə prosesi başlayıb.

Jurnalist Sumqayıt Şəhər Polis İdarəsində ona işgəncə verildiyini iddia edir. Ancaq əvvəlcə prokurorluq, ardınca isə Sumqayıt Şəhər Məhkəməsi bu iddiaları rədd ediblər.

Sumqayıt Apellyasiya Məhkəməsi şəhər məhkəməsinin qərarından verilmiş şikayətə baxır.

Bugünkü prosesdə jurnalistin vəkili Elçin Sadıqov çıxış edib. Vəkil şəhər məhkəməsinin qərarının qanunsuz olduğunu bildirib. O deyib ki, şəhər məhkəməsi müraciətlərinə onlara xəbər vermədən baxıb.

"Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlqar Məmmədov bizə xəbər verməyib. Faktiki gizli məhkəmə iclası keçirməklə şikayətimizi təmin etməyib", - vəkil bildirib.

O, məhkəmə qarşısında bir neçə vəsatət qaldırıb. Vəsatətlər işgəncənin baş verib-verməməsini aydınlaşdırmaq üçün gərəkli xüsusatların müəyyən edilməsi məqsədi ilə verilib.

Ancaq hakim Fərmayıl Zeynallı vəsatətlərin birini təmin edib. Təmin olunan vəsatətə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Hikmət Qasımov və idarənin Kənan adlı əməkdaşı məhkəmədə ifadə verməlidirlər.

Məhkəmə avqustun 9-na təxirə salınıb.

Xatırlatma

Realliq.az saytının redaktoru İkram Rəhimov 2016-cı ildə Sumqayıtdakı "Ucuz market" Ticarət Mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunub. İ.Rəhimov həmin Ticarət Mərkəsinin rəhbərinin şəhərin icra hakimiyyəti başçısına rüşvət verməsi haqqında vətəndaş R.Novruzovun şikayət məktubunu dərc edib.

Sumqayıt Şəhər Məhkəməsi ötən ilin noyabrında həm jurnalisti, həm də ona şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək bir il azadlıqdan məhrum edib.

Jurnalist mühakimə edildikdən sonra vəkili vasitəsilə bildirib ki, hələ polisdə saxlanılarkən ona işgəncə verilib.

Daxili İşlər Nazirliyi, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyəti jurnalistin bu fikirlərini təkzib ediblər.

Ancaq jurnalistin vəkilləri işgəncə iddialarının araşdırılmasından ötrü hüquq- mühafizə qurumlarına ayrıca müraciət ediblər.

Qeyd edək ki, Sumqayıt Apellyasiya Məhkəməsi martın 1-də böhtanda təqsirləndirilərək həbs edilmiş jurnalisti və mediaya müraciət yazmış vətəndaş Rəhman Novruzovu məhkəmə zalından azadlığa buraxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun