Gənc fəalın Şirvanda saxlanılan atasının buraxıldığı bildirilir

Gənc fəalın Şirvanda saxlanılan atasının buraxıldığı bildirilir
12 Avqust 2017
Mətni dəyiş

“Məndən “Facebook” səhifəmdəki yazdığım statusları pozmağımı tələb edirdilər, mən də pozdum və bundan sonra atam sərbəst buraxıldı”.

Bunu Demokratik Gənclər Hərəkatının (DGH) rəhbəri İsmayıl İslamoğlu bildirib.

İ.İslamoğlu deyib ki, həmin statusların silinməsindən ötrü atası İslam Nazdirov avqustun 11-də Şirvan şəhər Polis Şöbəsinə, özü isə Yasamal rayon Polis İdarəsinin 27 saylı Polis Bölməsinə çağrılıb:

“Mənimlə söhbətləri 3 saata qədər çəkdi, statuslarımı silməyi tələb edirdilər. Əsas da onları narahat edən siyasi məhbuslarla bağlı mitinq keçirmək təklifi səsləndirməyim olub. Mən də vəziyyəti nəzərə alaraq statusları silməli oldum, amma sorğu-sual təkcə statuslarla bitmədi. Təşkilatın fəaliyyəti, haradan maliyyələşməsi, üzvlərimiz barədə xeyli suallar verdilər”.

Avqustun 11-də İsmayıl İslamoğlunu atasının Şirvan polisi tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı.

Bu barədə DGH rəhbəri özü bildirmişdi.

Onun sözlərinə görə, gənc fəala Şirvan şəhər Polis İdarəsinə gəlməsindən ötrü bir neçə saat zəng ediblər:

“Dedilər ki, özün gəlməsən atanı buraxmayacağıq. Mən də razılaşdım. İndi zəng gözləyirəm. Hansı polis bölməsinə desələr oraya gedəcəm. Hazırda zəng gözləyirəm”.

O, axtarışının səbəbini siyasi məhbus sayılan şəxslərlə bağlı tədbir keçirməsi və etiraz aksiyası təşkil edəcəyinə dair status yazması ilə əlaqələndirib.

O daha sonra bunları yazıb:

“İnsanları ailə üzvləri ilə şantaj edirlər. Atamı rayonda tutub Polis İdarəsinə aparıblar. Deyirlər ki, oğlun gəlsin buraxaq. Xatırlayırsızsa Əli Həsənov (Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri. Nəvəsi Nail Allahverdiyev 2 nəfərin ölümü, 2 nəfərin də ağır yaralanması ilə nəticələnən yol qəzasında ittiham edilərək həbs edilib - A.R) nəvəsi cinayət törədəndə demişdi ki, övlada görə valideyn məsuliyyət daşımır. Bu yalnız hakimiyyət nümayəndələri üçün keçərlidirmi? Bu xalqdan nə istəyirsiz?”

Gəncin dediklərinə hələlik, Şirvan şəhər Polis İdarəsindən və 27 saylı Polis Bölməsindən münasibət almaq mümkün olmayıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun