Atlet Azərbaycandan danışır: 'Aldatdılar, maaşımı vermədilər, mükafatımı oğurladılar...'

Atlet Azərbaycandan danışır: 'Aldatdılar, maaşımı vermədilər, mükafatımı oğurladılar...'
4 Avqust 2017
Mətni dəyiş

«The Guardian» qəzeti elit atletikanın qaranlıq tərəflərindən, afrikalı qaçış ustalarının zəngin ərəb və Yaxın Şərq ölkələri tərəfindən alınmasından, bəzilərindən sonradan imtina olunmasından yazır.

Bu haqda qəzetə efiopiyalı idmançı Lily Abdullayeva danışıb. «Bizimlə idman qulları kimi davranırlar», – idmançı qəzetə deyib.

Onlarla medalı olan 26 yaşlı Lily-ni 2009-cu ildə türk məşqçi Azərbaycan üçün yarışmağa inandıra bilib.

«Yarışları udaramsa, mənə yaxşı maaş, ev, bahalı maşınlar vəd elədilər. Ancaq heç birini görmədim. Mənə mükafat kimi verilən pulumu oğurladılar, aldadıb dopinqə məcbur etdilər. İndi hamıya məsləhət görürəm ki, buna getməsinlər», – idmançı danışıb.

Aya cəmi 150 dollar alıb

Müəllif Martha Kelner yazır ki, Lily idman mənsubiyyətini dəyişən yeganə atlet deyil. Ötən il Rio Olimpiyası öncəsi bircə gündə atletlərin beynəlxalq qurumu olan IAAF 25 belə müraciət alıb. Çoxu elə bir aşkar səbəb də göstərə bilməyib. Ancaq Qətər, Bəhreyn, Azərbaycan kimi ölkələrin niyyəti medal siyahısını zənginləşdirmək idi.

«Guardian» qəzeti, Almaniyanın ARD yayımçısı və «Holland Media Combination» qurumunun birgə araşdırması üzə çıxarıb ki, bayraqlarını dəyişən atletləri çox vaxt aldadırlar, mükafat kimi vəd olunmuş pulu vermirlər, pis şəraitli evlərdə yerləşdirilirlər.

Azərbaycan üçün yarışanda Layes kimi tanınan Lily-yə ayda 300 dollar, yaxşı nəticə göstərərsə, aya 1000 dollar vəd olunub. İlk bir neçə ay ərzində o, Avropa üzrə gənc gümüş medalçıya çevrilib, ancaq əlinə o pullar gəlməyib, aya cəmi 150 dollar alıb.

«Səkkiz aydan sonra məşqçimdən soruşdum ki, niyə mənə 1000 dolları vermirlər, federasiya prezidentinə şikayət edəcəyimlə hədələdim. Bunu deyən kimi pulu cibindən çıxarıb mənə verdi. Belə çıxdı, elə üçüncü aydan pulu cibində saxlayırdı», – Lily deyib.

​«Onların vecinə deyildi»

Ancaq idmançı Azərbaycanın maraqları uğrunda yarışmaqda davam edib. Lily deyir, 2012-ci il London olimpiadasında udmaq istəyi məşqçilərinin ona həb verməsinə gətirib. Onun sözlərinə görə, 2011-ci ildə Stokholmda yarışlarda zədələnməsinə baxmayaraq, ona yarışmaq əmri verilib. Məşqçisi Mitin Sesak ona yaxınlaşaraq deyib ki, ağzını açsın və dilinin üstünə bir həb qoyub. İdmançı ondan bunun nə olduğunu soruşanda məşqçi deyib ki, «qorxanda sənə kömək edəcək, güclü olacaqsan».

Lily dərman qutusunun üstünü oxuyub, «tribulus testosterone» yazıldığını görüb və internetdə onun əks göstəriciləri barədə informasiya əldə edib, bir nəticəsi sonsuzluq imiş.

«Bu informasiya məni çox qəzəbləndirdi. Daha yaxşı həyat uğrunda çarpışırdım, ancaq gələcəkdə uşağa qalmaqla bağlı problem istəmirdim. Amma onların vecinə deyildi», – Lily deyib.

O, məşqçisi Mitin-in Gürcüstanda təlim düşərgəsində ona bəzi iynələr də verdiyini deyir. Hazırda M.Sesak atletikadan ömürlük uzaqlaşdırılıb. Bu yasağı Türkiyə antidopinq qurumları qoyub.

Lily dörd ildən sonra Azərbaycanı tərk edib. 2013-cü ildə hökumət ona bir yarışmanı udduğuna görə 25 min dollar veribmiş. Ancaq iddiasına görə, Azərbaycan Atletika Federasiyasının prezidenti həmin pulun 7 min dollarını götürüb və bundan sonra ona maaş verməyi də dayandırıb.

Federasiya ittihamları rədd edib

Azərbaycan Atletika Federasiyası bu iddialara cavabında deyir ki, Abdullayeva həqiqətən də 2009-13-cü illərdə Azərbaycanda atlet kimi çalışıb.

«Ancaq onun Azərbaycan Atletika Federasiyası ilə heç bir müqaviləsi olmayıb», – deyən qurum atletin fərdi idman klubu üçün yarışdığını, bütün mükafat pullarını aldığını bildirir.

Federasiya onun ittihamlarını «əsassız» adlandırır.

Dopinqlə bağlı iddialara gəlincə, federasiya bildirir ki, Abdullayeva bütün digər atletlər kimi, Avropa və digər antidopinq agentliklərinin dopinq nəzarətindən keçib və nəticələr neqativ çıxıb.

«Onun atletika federasiyasının nüfuzunu zədələməyə yönəlik birbaşa iddialarını tamamilə qəbuledilməz sayırıq», – qurum vurğulayıb.

Araşdırma təkcə Azərbaycanın deyil, digər ölkələrin də atletlərlə «alver etdiyini» üzə çıxarıb.

Lily isə yenidən Efiopiyaya qayıdıb, ilk övladını da dünyaya gətirib. Di gəl, sevdiyi ölkəsi uğrunda yarışmaq şansları artıq itirilmiş sayıla bilər.

«Azərbaycan üçün əlimdən gələni etdim. Çox çalışdım, yaxşı qaçdım, ancaq sonda mənimlə zibil kimi davrandılar», – o deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun