Əfqan Muxtarlının yaxınlarını yenə görüşə buraxmayıblar

Əfqan Muxtarlının yaxınlarını yenə görüşə buraxmayıblar
5 Avqust 2017
Mətni dəyiş

Penitensiar Xidmət həbsdəki jurnalist Əfqan Muxtarlının yaxınları ilə görüşmək hüququnu pozmaqda davam edir.

Bunu jurnalistin yaxın dostu Samir Əsədli bildirib. O deyib ki, jurnalistlə görüşməsi üçün Ə.Muxtarlının ailə üzvləri ona etibarnamə veriblər.

S.Əsədli qeyd edib ki, Ə.Muxtarlının saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi jurnalistin vəkillərinə bildirib ki, görüş üçün heç bir məhdudiyyət olmayacaq. "Bundan sonra biz bu gün görüş üçün təcridxanaya getdik. Bizi bir saatdan artıq gözlədəndən sonra rəis xəbər göndərdi ki, mən görüş üçün söz verməmişəm",- S.Əsədli qeyd edib.

Öz növbəsində vəkil Elçin Sadıqov da deyib ki, dünən təcridxana rəhbərliyi vəkilə bildirib ki, görüş üçün maneçilik yaradılmayacaq.

Ə.Muxtarlının yaxınlarının onunla görüşməsinə bir neçə dəfə imkan verilməyib. Bununla bağlı Sabunçu Rayon Məhkəməsinə şikayət edilib. Ancaq şikayət icraata qəbul edilməyib. Bu qərardan apellyasiya şikayəti verilib.

Xatırlatma

Əfqan Muxtarlı mayın 29-da Tbilisidə həbs edilərək Bakıya gətirilib. O, sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıqda, sərhədçiyə qarşı zorakılıq etməkdə ittiham olunur.

Ə.Muxtarlı ittihamları rədd edir. Amnesty International onu vicdan məhbusu kimi tanıyıb.

Gürcüstan hakimiyyəti onun Tbilisidə saxlanılmadığını, Azərbaycan hökuməti isə Muxtarlının sərhəddi qanunsuz keçərkən sərhədçilər tərəfindən saxlanıldığını bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun