“Zirə”nin baş məşqçisi Lüksemburqda mətbuat konfransında Zəhra Quliyevanın qətlindən danışıb

“Zirə”nin baş məşqçisi Lüksemburqda mətbuat konfransında Zəhra Quliyevanın qətlindən danışıb
6 İyul 2017
Mətni dəyiş
Bakının “Zirə” futbol komandasının baş məşqçisi Ayxan Abbasov iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi ilə bağlı başsağlığı verib. Klubun rəsmi saytının verdiyi məlumata görə, 36 yaşlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqda “Differdanj” komandasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında nitqinə başsağlı ilə başlayıb: “Əvvəla düşmən həmləsi nəticəsində Füzuli rayonunda baş vermiş faciəylə bağlı xalqımıza və həyatlarını itirən doğmalarımızın ailəsinə başsağlığı vermək istəyirəm. Allahdan 2 yaşlı körpə balamız Zəhra və nənəsi üçün rəhmət, yaxınlarına isə səbr diləyirəm”. Daha sonra bu gün keçiriləcək matçla bağlı fikirlərini bölüşən A.Abbasov bildirib ki, ilk görüşdə əldə etdikləri 2:0 hesablı üstünlüyü qorumağa çalışacaqlar. O, heyətdəki itkilərdən də söz açıb: “İlk oyundakı 2:0 hesablı qələbəmiz bizi heç də arxayınlaşdırmır. Rəqibimiz çox yaxşı komandadır. Bizi ağır oyun gözləyir. Cütün taleyi məhz bu oyunda həll olunacaq. “Differdanj” avrokubok təcrübəsi olan komandadır. Onların bəzi oyunlarını izləmişəm. 2:0 hesablı üstünlüyümüzü qorumağa çalışacağıq. Lakin bu futboldu və “play-off” oyunları iki oyundan ibarət olur. Yalnız Viktor İqbekoyi viza probleminə görə komandayla səfərə çıxa bilmədi. Başqa itkimiz yoxdur. Ümumiyyətlə, Lüksemburq klubları bizə ötən mövsümdən tanışdır. Keçən il “Qarabag” Çempionlar Liqasında bu ölkənin təmsilçisi ilə qarşılaşmışdı. Ötən gün Lüksemburq təmsilçisinin “Qlazqo Reyncers” səddini keçməsi mənim üçün surpriz oldu. Səfərdən məğlubiyyətlə dönüb evdə mərhələni keçməsi inkişaflarından xəbər verir". Qeyd edək ki, "Differdanj" - "Zirə" oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun