Venesuelada keçirilən etiraz aksiyalarında 88 nəfər öldürülüb

Venesuelada son 3 aydan artıq müddətdə hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 88 nəfər öldürülüb.

“TASS”-ın məlumatına görə, bu barədə “El Nacional” qəzetinin elektron versiyası xüsusi hesabatlara əsasən məlumat yayıb.

Ölkənin Baş Prokurorluğunun məlumatında isə vurğulanır ki, aprelin 1-dən davam edən etiraz aksiyalarında 84 nəfər zorakılığın qurbanı olub. Habelə 1,4 mindən artıq insan xəsarət alıb.

Müxalifət nemayəndələri isə bildirirlər ki, aksiyalar zamanı 15 min nəfər xəsarət alıb. Ölkənin qeyri-hökumət təşkilatı “Venesuelanın cinayət forumu” 3,55 min nəfərin saxlanıldığını xəbər verib. Onlardan 1,1 min nəfəri hələ də həbsdədir.

Venesuelada etirazlar Ali Məhkəmənin müxalif Milli Assambleyanın fəaliyyətini məhdudlaşdırması barədə qərarından sonra başlayıb.

Qərar sonradan ləğv edilib. Lakin müxalifətin tərəfdarları küçələrə çıxaraq məhkəmə üzvlərinin istefaya göndərilməsi və növbədənkənar seçkilərin keçirilməsi, habelə təsis yığıncağının çağırılmasına qarşı tələblərlə küçələrə çıxaraq bunu konstitusiyanı dəyişmək cəhdi hesab ediblər.