Türkiyədə nəzarətə alınan on fəaldan altı nəfəri həbs edilib

Türkiyədə nəzarətə alınan on fəaldan altı nəfəri həbs edilib
18 İyul 2017
Mətni dəyiş

İstanbulun 10-cu Sülh Cəza Hakimliyi iki həftə əvvəl Böyükadada keçirilən toplantıdan sonra nəzarətə alınan və İstanbuldakı məhkəməyə göndərilən 10 insan haqları müdafiəçisindən altısının həbs olunması barədə qərar çıxarıb.

Beynəlxalq Əfv Təşkilatının Türkiyə direktoru İdil Eserlə yanaşı, İsveç vətəndaşı təlimçi Ali Gharavi, Vətəndaşlıq Dərnəyindən (keçmiş adı Helsinki Vətəndaşlar Dərnəyi) Özlem Dalkıran, alman vətəndaşı, məsləhətçi Peter Steudtner və İnsan Haqları Gündəmi Dərnəyinin üzvləri Veli Acu ilə Günal Kurşun "silahlı terror qrupuna yardım etmək" ittihamıyla həbs olunub. Vətəndaşlıq Dərnəyindən Nalan Erkem, Haqq Təşəbbüsündən Şeyhmuş Özbekli, Bərabər Hüquqlar üçün Monitorinq Dərnəyindən Nejat Taştan və Qadın Koalisiyasından İlknur Üstün isə nəzarətdə saxlanmaq şərtilə sərbəst buraxılıb.

Polis 5 iyul Böyükadada təhsillə bağlı bir araya gələn insan haqları müdafiəçilərinin toplantısına basqın təşkil edərək 10 nəfəri həbs edib.

Sənəddə gizli şahid ifadələri, yazışma məzmunları

Bazar ertəsi Terrorla Mübarizə Şöbə Müdirliyindəki sorğu-sualdan sonra hüquq müdafiəçiləri Çağlayandakı İstanbul Ədalət Sarayına göndəriliblər.

10 nəfər fəalın sorğusu bu gün səhər saatlarına qədər davam edib. Doğan Xəbər Agentliyi (DHA) həbs qərarında "sənəddə olan gizli şahid ifadələri, HTS qeydləri və yazışma məzmunlarının" nəzərə alındığını bildirib. Sərbəst buraxılan 4 fəalın ölkədən kənara çıxmasına qadağa qoyulub.

"Qərar Türkiyədəki insan haqları hərəkatını hədəfə alıb"

Fransanın AFR agentliyinə açıqlama verən Beynəlxalq Əfv Təşkilatının Türkiyə üzrə tədqiqatçısı Andrew Gardner məhkəmə qərarının bir "məhkəmə komediyası" olduğunu söyləyib.

Gardner qərarın "siyasi" olduğunu və sadəcə nəzarətə alınan fəalları deyil, "Türkiyədəki bütün insan haqları hərəkatını hədəfə aldığı" fikrini irəli sürüb.

Gardner "Bu qərardan sonra Türkiyədə həm Əfv Təşkilatı, həm də insan haqlarını müdafiə edən digər qurumlar təhlükədədir" deyib.

Türkiyə prezidenti Recep Tayyib Erdoğan insan haqları müdafiəçilərinin "15 iyul hadisələrini davam etdirmək üçün" toplaşdıqlarının söyləmişdi.

Erdoğana bələdiyyə başçısı olan zaman həbs olunduğunda Əfv Təşkilatının onun sərbəst buraxılması üçün kampaniya apardığını xatırlatdıqda "İnsan haqları müdafiəçilərinin mənimlə bağlı verdikləri açıqlamanın nəticəsi nə oldu? Nəticəsi mənim 4 ay 10 gün həbsdə qalmağım oldu. Günahım isə sadəcə bir şeri oxumaq idi. Bu insanlar Böyükadada niyə toplanmışdı. Onlar 15 iyul hadisələrini davam etdirmək məqsədilə bir araya gəlmişdilər. Kəşfiyyatdan gələn xəbərdən sonra onlar həbs edildilər " demişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun