TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 50%-i qaynaqlanıb

TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 50%-i qaynaqlanıb
5 İyul 2017
Mətni dəyiş
Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru kəmərinin (TAP) Yunanıstan və Albaniya hissəsində boruların 50%-i qaynaqlanıb. TAP konsorsiumunun verdiyi məlumata görə, boru kəmərinin inşası qrafikə uyğun olaraq irəliləyir. TAP-ın Yunanıstan və Albaniya hissəsində ümumi uzunluğu 765 km olan boruların artıq 384 km-i qaynaqlanıb. Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun