Səudiyyəyə silah satmaq qadağan edilə bilər

Səudiyyəyə silah satmaq qadağan edilə bilər
9 İyul 2017
Mətni dəyiş

"The Guardian" yazır ki, Britaniya Səudiyyə Ərəbistanı ilə silah satışı barədə çoxmilyardlıq sazişdən əl çəkməyə məcbur ola bilər.

Ölkənin Ali Məhkəməsi Səudiyyə Ərəbistanıəna silah satışı siyasətinə hüquqi qiymət verməldir.

Bu barədə qərar ikitərəfli münasibətlərin həlledici məqamında qəbul edilib. Hökumət ölkədə terrorçuluğun xaricdən maliyyələşdirilməsinə dair hesabatı gizlətməkdə ittiham edilir. Bu hesabatda Səudiyyə Ərəbistanı terroru maliyyələşdirdiyi söylənən ölkələrin sırasında birinci gəlir.

Səudiyyə ilə əldə olunmuş razılaşmaya görə Britaniya bu ölkəyə təkcə son iki ildə 3 milyard funt sterlinqlik silah satıb.

Səudiyyə bu dövr ərzində aqressiv siyasət yürüdüb. Yəməndə İranın dəstəklədiyi husi qiyamçılarına qarşı bombardman kampaniyası aparılıb. Bu əməliyyatlar minlərlə dinc sakinin həlak olması ilə nəticələnib.

Elə bu müddət ərzində Britaniya hökuməti Səudiyyə Ərəbistanına təyyarələr, dronlar və raketlərin satılması üçün lisenziya verib.

Lakin Silah Ticarətinə qarşı Kampaniya Səudiyyə ilə silah satışı sazişinin Birləşmiş Krallıq və Avropa İttifaqının qanunvericiliklərinə uyğunluğu məsələsini qaldırıb.

BMT palatasının ekspertləri, Avropa Parlamenti və humanitar QHT-lər Yəməndə aparılan bombardman əməliyyatlarını qanunsuz elan ediblər. Bu təşkilatların rəyinə görə bəzi hallarda Səudiyyə aviasiyası dinc sakinləri bilərəkdən hədəfləyib.

Avropa İttifaqının ümumi mövqeyi Birləşmiş Krallığın Səudiyyəyə silah satmasını şübhə altında qoyur.

Silah Satışına qarşı Kampaniyanı təmsil edən Leigh Day hüquq firmasından Rosa Curling deyib ki, hökumətin Səudiyyə Ərəbistanına silah satışı üçün lisenziyalar verməsi qanunsuzdur.

"The Guardian" yazır ki, hökumətə qarşı məhkəmə qərarı ümumilikdə Britaniyanın silah sənayesini çətin vəziyyətə sala bilər. Bu qərardan sonra Londonun başqa ölkələrə silah satışı da ciddi araşdırmaya məruz qala bilər

2015-ci ilin may ayından Britaniya hökuməti Qətərə 140 milyon funt sterlinqlik silah və hərbi avadanlıq satışı lisenziyası verib. Halbuki Qətərin də adı beynəlxalq terrorun maliyyələşdirilməsi ilə bağlı hesabatda çəkilir.

Bundan başqa on minlərlə insanın həbs edildiyi Türkiyəyə silah ixracı tənqid olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun