Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər kassasiya şikayəti veriblər

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər kassasiya şikayəti veriblər
28 İyul 2017
Mətni dəyiş

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər barələrində olan hökmdən kassasiya şikayəti veriblər.

Onların şikayəti Ali Məhkəmənin hakimi Tahir Kərimlinin icraatına verilib.

Şikayət üzrə proses yaxın günlərdə başlayacaq.

Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. O, xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub.

Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Səbail rayon Məhkəməsinin ötən il mayın 31-də çıxardığı hökmlə C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və C. Hüseynov azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər. Məhkəmə onların şikayətini təmin etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun