Pedro Agramunt: "Mənə qarşı istifadə etdilər, pis niyyətlə yararlandılar"

Pedro Agramunt: "Mənə qarşı istifadə etdilər, pis niyyətlə yararlandılar"
3 İyul 2017
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vəzifələrinin icrasından de-fakto uzaqlaşdırılmış prezidenti Pedro Agramunt iyulun 2-də axşam bəyanat yayıb.

O, bəyanatında Suriyaya səfərinin təfərrütalarından bəhs edir. Suriyaya bu ölkənin parlamentinin sədrinin dəvəti ilə getdiyini vurğulayır.

“Təəssüf ki, səfərimdən bir neçə gün sonra Suriyada kimyəvi hücumlar oldu. Mən bu hücumları dərhal qınadım. Bu qorxulu bombalamanın bir neçə gün əvvəl baş tutan ziyarətimlə heç bir əlaqəsi yox idi. Ancaq ziyarətimə pis don geyindirmək üçün bu hadisədən də istifadə etdilər”.

P.Agramunt onun səfəri ilə eyni zamanlarda yüksək rütbəli Avropa Birliyi təmsilçilərinin Avropanın müxtəlif şəhərlərində Suriyada sülhün əldə olunması ilə bağlı müzakirələr apardıqlarını xatırladır. Səfərinin missiyasının bu müzakirələrdən fərqli olmadığını vurğulayır:

“Fransa prezidentinin məsələyə münasibəti mənim mövqeyimlə üst-üstə düşür. Mən dialoqdan yana olmaq istəyimin qurbanıyam. Halbuki, mənim Rusiya və Fransa ilə bağlı mövqeyim Fransa prezidentinin mövqeyi ilə eynidir”.

P.Agramunt bildirir ki, ancaq AŞPA-nın bəzi üzvləri bu səfərdən ona qarşı istifadə ediblər:

“Səfərimdən mənə qarşı “xaç yürüşü” başlatmaq üçün istifadə etdilər və pis niyyətlə yararlandılar. “Hücum”da Rusiya ilə münaqişədə olan Ukrayna nümayəndə heyətinin də əsas rolu var”.

O, AŞPA prezidentinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı qurumun reqlamentinə edilən dəyişikliklərdən narazılığını sərt şəkildə ifadə edib:

“Reqlamentin dəyişdirilməsi həm ədalətsiz, həm də qanunsuzdur”, deyə yazan P.Agramunt reqlament dəyişiklikliyinin onun AŞPA prezidentliyindən kənarlaşdırılması üçün yetmədiyini ifadə edib. Onun qənaətincə, verilmiş qərar əvvəlki durumlara deyil, yalnız qəbul edildikdən sonrakı dövrdə baş verən olaylara şamil edilə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun