O “əjdahalardan” bizdə də olub...

O “əjdahalardan” bizdə də olub...
5 İyul 2017
Mətni dəyiş
Azərbaycanlılar hansısa xarici ölkədə korrupsiyaya görə istefa verən prezident, rüşvətə görə tutulan nazir, sadə mənzildə yaşayan, işə velosipedlə gedib-gələn məmur haqqında oxuyanda heyrətlənirlər, hədsiz həsəd hissi ilə “o əjdahadan niyə bizdə də olmadığı” barədə fikirləşirlər. Burada “fikirləşirlər” sözü bir az yersiz təsir bağışlaya bilər, çünki istər-istəməz adamın ağlına belə sual da gəlir: “Əgər doğrudan da fikirləşirlərsə, bəs məmələkət niyə bu kökdədir?!” Amma indi yazımın məğzi bu deyil, odur ki, həmin sual ətrafında baş sındırıb mövzudan uzaqlaşmayaq. Əslində “o əjdahadan bizdə niyə yoxdur” sualının, yəni bizdə niyə korrupsiya, rüşvət kimi cinayətlərin cəzasız qaldığının, 1000-1500 manat maaş alanların ölü yerdən 200 min manatlıq “inomarka”lara, ən azından 3-4 milyon manatlıq mülklərə necə sahib olduqlarının cavabı çox bəsitdir: Sistem buna icazə və imkan verir! O gücünü, ilhamını talandan, yağmadan alır və belə bir Sistemin korrupsiyaya, rüşvətə qarşı mübarizəsi də şoudan başqa bir şey deyil, əks təqdirdə, hakim rejim oturduğu budağı kəsmiş, yediyi qaba tüpürmüş olardı. Biz çox vaxt ələ salsaq da, əslində yaptokratların “korrupsiya dünyanın hər yerində var” sözlərində həqiqət payı az deyil. Hətta kifayət qədər çoxdur. Sadəcə, məsələ burasındadır ki, yoldaş yapçıların bu söyləmi yarımçıqdır, natamamdır. Bəli, korrupsiya dünyanın hər yerində var, amma onların çoxunda korrupsiyaya qarşı hüququn, qanunların işləm, mücadilə gücü və mexanizmi də var. Daha bizdəki kimi, milyardların talan edildiyi bir ortamda korrupsiya və rüşvətə qarşı mübarizə adı ilə qatar bələdçilərini, meşəbəyiləri, tibb bacılarını, canım sizə desin, sürücüləri, bina mühafizəçilərini-zadı cəzalandırmırlar. Bu günlərdə “MTN işi” kimi bilinən məhkəmədə hakim rejimin iki önəmli fiqurunun – Akif Çovdarovla Tağı Əhmədovun dialoqu əslində nə demək istədiyimizi daha aydın ifadə edir. Dialoqdan belə məlum olur ki, allah qoymasa, guya ölkənin təhlükəsizliyinə məsuliyyət daşıyan nazirlik metropolitendə milyonlarla manatlıq yeyinti barədə bilirmiş, bunu ört-basdır etmək üçün isə keçmiş metro rəisindən milyonlarla manat rüşvət alıb! Bilmirəm, bundan sonra daha nəyisə anlatmağa, izah etməyə gərək varmı?! Ən əsası, belə bir Sistemdə biz nəyə ümid edirik – qanunların fərdlərdən, şəxslərin hüquqdan yüksəkdə dayanmasına? Sabir demişkən: “Qah-qah! Qəribə gülməlisən xaniman-xərab!” “O əjdaha”ya gəlincə... Əslində bizim keçmişimizdə də yazının əvvəlində xarici ölkələrin timsalında bəhs etdiyimiz örnəklərə rastlamaq mümkündür. Elə ilk Cümhuriyyət tariximizdən iki örnək çox şey deyir. Birinci. Cümhuriyyət hökumətinin ilk baş naziri Fətəli xan Xoyskinin başçılığı altında qurulan nazirlər kabineti 1919-cu ildə ona görə istefa qərarı qəbul etmişdi ki, bəzi hökumət üzvlərinə qarşı müxtəlif ağır (baxmayaraq ki, əksəriyyəti haqsız!) ittihamlar səslənirdi, həmin ilin yanvar-fevral aylarındakı parlament iclaslarında hökuməti “yaş yuyub quru sərirdilər”. Sonda Fətəli xan bu şərtlər altında, bu etimadsızlıq mühitində hökumətin iş başında qalmasını doğru saymadı və parlamentə hökumətin istefa diləkçəsini göndərdi. Bu gün təyinatlı deputatların vaxtaşırı nəinki nazirlərin, heç həmin nazirlərin katibələrinin də onları saya salmadığı barədə giley-güzar etdiyi bir ölkədə 100 il öncə belə-belə işlərin baş verdiyinə inanmaq gerçəkdən çox çətindir! İkinci. Cümhuriyyət hökumətinin önəmli simalarından biri Nəsib bəy Yusifbəyli hələ Seym dövründə Tiflisdə maarif naziriykən aldığı maaşla dolana bilməz və Gəncəyə ismarış göndərib atasından pul istəyərmiş. Azərbaycanın istiqlalı elan edilib, Nəsib bəy də Cümhuriyyətin maarif naziri təyin edildikdən sonra, aldığım maaş yenə də ona azlıq edir. İş o yerə çatır ki, Nəsib bəy özü yaratdığı bağa qamış alıb basdırmağa da imkan tapmır, bunu atasından xahiş edir. Əvəzində, ondan bu cavabı alır: “Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsil alıb Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Amma sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedib Seymin maarif naziri oldun. Aldığın pulla yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin burada da maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə də məndən pul istədin. Həmişə də göndərdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. Sənə o pullardan göndərdim. Bu gün isə Baş nazirsən. Dövlət başçısısınız, yəni, ölkənin padişahı olmusunuz. Yenə də bağının qamışını mən alım?!”". Dediyim odur ki, yazının əvvəlində haqqında danışdığımız xaricdəki “əjdaha”lardan bizdə də olub. Amma indi onlardan Azərbaycanda yoxdursa, səbəbi əlbəttə, Sistemdə gizlidir. Sistem isə hamımızda, hər birimizdə... Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun