''Human Rights Watch'' Ermənistan hakimiyyətini tənqid edir

''Human Rights Watch'' Ermənistan hakimiyyətini tənqid edir
31 İyul 2017
Mətni dəyiş

“Human Rights Watch” (HRW) insan haqları təşkilatı Ermənistanı tənqid edib. Səbəb Ermənistan hökumətinin 2016-cı ilin iyulunda etirazçılara və jurnalistlərə qarşı polis zorakılığına görə tam hesabatlı ola bilməməsidir.

Təşkilat bu barədə iyulun 30-da yaydığı açıqlamasında bildirib.

Məlumata görə, ötən il azı 32 etirazçıya ittiham irəli sürülüb, 21-i məhkum edilib, 11-nə həbs cəzası verilib.

“Yerevandakı iyul etirazlarından bir il sonra polis zorakılığının qurbanları hələ də ədalət və hesabatlılıq gözləyir”, – HRW-nın Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia belə deyir.

O bildirir ki, ictimaiyyətin polisə və ədalət sisteminə inamı ciddi sarsılıb və bunun bərpasından ötrü səmərəli hesabatlılıq prosesi olmalıdır.

2016-cı ildə Yerevanda silahlı müxalifət qrupu polis məntəqəsində bir neçə nəfəri girov götürmüşdü. Müxalifətə rəğbət bəsləyən bir neçə yüz etirazçının silahlılara ərzaq verilməsi tələbi gözardı ediləndən sonra onlar bir neçə gecə polislə toqquşublar.

Silahlılar prezident Serj Sarkisyanın istefasını, “Təsisçi Parlament” adlı radikal müxalifət hərəkatının lideri Zhirayr Sefilyanın buraxılmasını tələb edirdilər.

Silahlı qrup sonucda girov saxladıqları bütün polisləri buraxdılar, onlara mətbuata danışmaq imkanı yaradıldı.

HRW etirazçıları “əsasən dinc” adlandırıb.

“Bəzi etirazlar zamanı hakimiyyət aşırı gücə əl atıb, jurnalistlər də daxil olmaqla, nümayişçilərə hücum olunub”, – hesabatda deyilir.

Sənəddə vurğulanır ki, hakimiyyət qanunsuz etirazın bir çox liderlərini və yüzlərlə iştirakçını saxlayıb:

“Bəzilərinə əsaslandırılmamış ittihamlar irəli sürüb. Heç bir rəsmi təqib olunmayıb. Hakimiyyət polisin davranışıyla bağlı təhqiqat başladıb, ancaq bu, məhdud hesabatlılıqla sonuclanıb. Hər hansı hüquq-mühafizə əməkdaşına ittiham verilməyib. Bəzi polislərlə bağlı intizam tədbirləri görülüb, işdən çıxarılanlar olub. Yerevan polis idarəsinin rəhbəri 2016-cı ilin avqustunda işdən çıxarılıb. Səbəb kimi “etirazçılar və jurnalistlərə zorakı hücumların önlənməməsi” göstərilib”.

HRW onu da bildirir ki, ötən ilin dekabrında Sarkisyan Yerevan polisinin rəis müavinini “ictimai asayişin əla səviyyədə saxlanması”na görə medalla təltif edib. O, iyulun 29-da etirazçılara qarşı polis əməliyyatlarında iştirak edib.

“Hökumət etirazların təşkilatçıları və iştirakçılarına ciddi ittihamları əsaslandıran hər hansı etibarlı dəlili ictimaiyyətə açıqlamalıdır”, - HRW-dan Gogia deyib.

“Hakimiyyət etirazçıların dinc fəallığına qarşı qisas məqsədiylə onları uzunmüddətli həbs cəzasına məhkum etməməlidir”, – o, sözlərinə əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun