"Heykəl məhbusu" Qiyas İbrahimova həbsxanada işgəncə verilir

"Heykəl məhbusu" Qiyas İbrahimova həbsxanada işgəncə verilir
8 İyul 2017
Mətni dəyiş

Nidaçı "heykəl məhbusu" Qiyas İbrahimovun saxlanıldığı 2 saylı CÇM-də işgəncələrə məruz qaldığı bildirilir.

Abzas.net xəbər verir ki, bu barədə siyasi məhbusu üzvü olduğu Nida Vətəndaş Hərəkatı məlumat yayıb.

Məlumatda deyilir ki, nidaçı məhbus Qiyas İbrahimova həbsxanada təzyiqlər edilir. O, 2 saylı cəzaçəkmə müəssisəsindən məktub göndərib. Bildirilir ki, vicdan məhbusu saxlandığı kalonunda işgəncələrə məruz qalıb.

"Gəldiyi gün yoxlanışa mane olduğu və suallara "qeyri-səmimi" cavab verildiyi bəhanəsi ilə 15 sutka karserə salınıb. Əməkdaşlardan əməliyyat rəisinin təhqirinə cavab verdiyinə görə karserdə rəis müavini Şakir Qəniyevin tərəfindən döyülüb. Hansı səbəblə şərlənib həbs olunduğunu deməsinə baxmayaraq, rəis müavini onu qəsdlə narkotik cinayəti ilə yenidən ittiham etdiyinə görə, "narkotiki sizin kimilər satır" cavabını verib".

Hərəkatın yaydığı məlumatda bildirilir ki, həbsxana rəsinin müavini isə "indi sübut edərəm sənə" deyib Q.İbrahimovu əli qandallı rəisin otağına qaldırıb və rəis Fikrət Qafarovun əmriylə yenidən döyülüb və xəsarət yetirilib. Onun qulağının şişdiyi bildirilir.

"Rəis "sən çox danışırsan, ağıllanmalısan, qanun deyirsən, budur mənim qanunum, xoşuna gəlirmi?", deyib və söyüşlə təhqir edib. Rəis həmçinin hədə qorxu gəlib ki, səni yükləyərəm, qapalı həbsxanaya Qobustana göndərərəm. Üç sutka aclıq etdikdən sonra yumşaqlıq göstərməyə başlayıblar. Lakin karantin müddətinin hamısını karserdə keçirib".

Xatırlatma

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Fəalların özü və üzvü olduqları Nida Vətəndaş Hərəkatı onların həbsini fəaliyyətlərinə görə olduğunu iddia edir.

Amnesty International beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun