Emin Ağalarov Trump və rusiyalı vəkilin görüşünə vasitəçilik edib

Emin Ağalarov Trump və rusiyalı vəkilin görüşünə vasitəçilik edib
11 İyul 2017
Mətni dəyiş

"The Independent" yazır ki, ABŞ Senatı prezident Donald Trump-ın böyük oğlundan, onun Kremlə bağlı vəkillə görüşünə dair ifadə verməsini tələb edib. Oğul Trump belə bir görüşün olduğunu etiraf edib və artıq özünü müdafiə etmək üçün vəkil də tutub.

Senatın Kəşfiyyat Komitəsindəki ən yüksək vəzifəli demokrat Mark Warner deyib ki, oğul Trump-ın dindirilməsi son dərəcə vacibdir. Senator əlavə edib ki, oğul Trump-ın Kremlə bağlı vəkil Nataliya Veselnitskaya ilə görüşü Trump kampiyasının ruslarla əlaqələrini təsdiq edən ilk hadisədir.

Trump-ın oğlu bildirib ki, rusiyalı vəkil atasının rəqibi Hillary Clinton-a dair gözdən salan informasiyaya malik olduğunu bildirirdi və o da bu görüşə məhz buna görə gedib.

Oğul Trump deyib ki, bu görüşdən bir şey hasil olmayıb, çünki vəd olunan informasiya əhəmiyyətli deyildi.

Oğul Trump bildirib ki, o bundan sonra söhbəti Maqnitski Aktına çevirib. Vəkil Veselnitskaya Rusiyada insan haqalarını pozanlara qarşı ABŞ-da qəbul edilmiş bu qanuna qarşı apardığı işlə tanınır.

Trump-ın oğlu bunu da deyib ki, rus vəkil ona kampaniya üçün əhəmiyyətli olacaq informasiyaya malik olduğunu söyləyib. O deyib ki, guya Rusiyaya bağlı şəxslər Demokratik Partiyanın Milli Komitəsini və Hillary Clinton-u dəstəkləyirlər.

Oğul Trump-ın dediyinə görə, söhbət əsnasında tezliklə aydın olub ki, vəkilin informasiyası yayğındır və heç bir sübuta söykənmir.

Cənab Warner deyib ki, rusiyalı vəkillə söhbət Trump administrasiyasının "yaddaşsızlıq" vərdişinin daha bir epizodudur. Başqa sözlərlə Trump administrasiyası və kampaniyasının rəsmiləri ruslarla görüşlərini nədənsə bir qayda olaraq "unutmuş" olurlar.

Senator deyib ki, indiyədək Trump kampaniyasının ruslarla əlaqələrinə dair çox sayda iddialar olub, lakin prezident və onun yaxın çevrəsi bütün bu iddiaları rədd ediblər.

"The İndependent" isə hüquq ekspertinə istinadən yazır ki, ola bilsin, oğul Trump öz bəyanatı ilə cinayət törətdiyini təsdiq edib.

MSNBC şəbəkəsindən təhlükəsizlik təhlilçisi və Ədliyyə Nazirliyinin keçmiş sözçüsü Matthew Miller deyib ki, prezidentin oğlu xarici vətandaşdan dəyəri olan nəsə almaq istədiyini və buna çalışdığını etiraf etməklə qanunu pozduğunu da etiraf edir.

Ekspert deyib ki, ABŞ qanunlarına görə, bu "qiymətli nəsənin" pul olması vacib deyil, bu bir informasiya da ola bilər.

Hələliksə, həm Trump, həm də Kreml aralarında hər hansı bağlar və əməkdaşlıq olduğuna dair iddiaları rədd edirlər.

Cənab Warner deyib ki, Veselnitskaya ilə görüşdə iştirak etmiş şəxsləri dindirmək istərdi.

Məqalədə deyilir ki, Trump-ın oğlu ilə Veselnitskayanı Britaniya musiqi agentlərindən Rob Goldstone calaşdırıb.

Goldstone deyib ki, bu görüşü Rusiyalı müştərisinin xahişi ilə təşkil edib və xanım Veselnitskaya ilə birgə həmin görüşə qatılıb.

Cənab Goldstone Emin Ağalarov üçün menecer vəizfəsində işləyib. Qəzet yazır ki, Ağalarov ailəsi keçmişdə Trump-la "biznes edib".

Bu barədə daha bir məqalə Britniyanın The Telegraph qəzetində dərc olunub.

"Mənim Moskvadakı müştərim - Emin Ağalarov xahiş etdi ki, rusiyalı vəkil (Natalia Veselnitskaya) və oğul Donald Trump arasında görüş təşkil etməyə kömək edim", - The Telegraph qəzeti cənab Goldstone-dan aldığı açıqlamadan iqtibas gətirir.

Xanım Veselnitskaya New York Times qəzetinə deyib ki, Rusiya hökumətini təmsil etmir və prezident seçkisi kampaniyası ilə heç bir əlaqəsi yoxdur.

Lakin məqalədə deyilir ki, vəkil Vaşinqton firmalarından Fusion GPS-lə bağlı olub. Bu həmin firmadır ki, cənab Trump-a qarşı sübutsuz iddialar irəli sürən hesabatın hazırlanmasında iştirak edib. Trump-ın özü bu iddiaları "saxta xəbər" kimi təkzib edib.

Məqalədə bu da xatırladılır ki, bu şirkətə əvvəlcə Trump-ın respublikaçı rəqibləri müraciət etmişdilər. Bundan sonra Britaniya casusu Christopher Steele xanım Clinton-un kampaniyası üçün Trump-a qarşı informasiyaların toplanması ilə məşğul olmuşdu.

Cənab Steele-in Fusion firmasına ötürdüyü informasiyaların birinə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti 2013-cü ildə cənab Trump-ın Moskvaya səfəri zamanı onun barəsində kompromat əldə etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun