Azadlıq qəzetinin direktoruna 3 il 3 ay həbs hökmü oxundu

Azadlıq qəzetinin direktoruna 3 il 3 ay həbs hökmü oxundu
24 İyul 2017
Mətni dəyiş

İyulun 24-də Səbail Rayon Məhkəməsində “Azadlıq” qəzetinin maliyyə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Abzas.net xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə F.Əmirliyə 3 il 3 ay azadlıqdan məhrumetmə qərarı oxunub. Hökmdən əvvəl Faiq Əmirli son sözünü deyib. Onun son sözü isə qısa olub. Günahsız olduğunu və onu müdafiə edən hər kəsə, o cümlədən vəkillərinə minnətdarlıq etdiyini bildirib.

Vəkillər Fəxrəddin Mehdiyev və Aqil Layıcov çıxış edərək, Azadlıq qəzetinin direktorunun günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Aqil Layıcov Avropa Məhkəməsinin Faiq Əmirlinin haqqında həbs-qətimkan tədbiri qərarından verilmiş şikayətə prioritet qaydada baxdığını, artıq kommunikasiya mərhələsinin başa çatdığını və yaxın vaxtlarda qərar veriləcəyini hakimin diqqətinə çatdırıb:

"Məhkəmədən ədalətli qərar gözləmirik, onsuz qərar əvvəldən verilib"

“Biz bu məhkəmədən ədalətli qərar gözləmirik. Hesab edirik ki, məhkəmədən nə isə xahiş etməyin mənası yoxdur. Onsuz da qərar artıq verilib. Hakim Aytən Əliyeva olmasa, bir başqası da olsa, nəticə dəyişməyəcək. Biz bu məhkəmədə də sadəcə, Faiq Əmirlinin yanında olmaq üçün gəlib gedirdik. Çox şadam ki, Faiqi tanıdım. Onun timsalında özümə qardaş qazandım".

Məhkəmənin hökmünə görə, Faiq Əmirlidən Azadlıq qəzetinin vergi borcları olaraq 39 min manat da tutulmalıdır.

Azadlıq qəzeti isə iddia edir ki, Faiq Əmirliyə qarşı belə bir hökm qanunsuzdur. Çünki nə qəzetin vergi borcu var, nə də Faiq Əmirlinin əməlində cinayət tərkibi.

Xatırlatma

Son məhkkəmə iclasında dövlət ittihamçısı Faiq Əmirliyə 4 il 6 ay həbs tələb etmişdi.

F.Əmirli 2016-cı il avqustun 20-də saxlanıb. O, xeyli miqdarda vergidən yayınma və qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması maddələri ilə ittiham olunub.

Rəsmi məlumatlarda onun avtomobilindən Fətullah Gülənə məxsus kitabların tapıldığı deyilir. Bununla əlaqədar irəli sürülən ittihamlar istintaq zamanı geri götürülüb.

Qəzetin maliyyə direktorunun həbsindən sonra "Azadlıq"ın çapı dayanıb və qəzetin bəzi əməkdaşları prokurorluğa çağırılaraq ifadə veriblər.

AXCP və Faiq Əmirli ittihamları saxta hesab edir, həbsin siyasi motivli olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun